Azərbaycan dünya böhranı fonunda da inkişaf əzmindədir TƏHLİL

Azərbaycan dünya böhranı fonunda da inkişaf əzmindədir TƏHLİL

Вünya iqtisadiyyatına, o cümlədən, aparıcı ölkələrin hər birinin iqtisadi inkişaf tarixinə diqqət yetirsək görərik ki, müəyyən dövrdən bir böhranlı vəziyyət ortaya çıxır və bunun da keçici olduğunun şahidiyik. Dəfələrlə şahidi olmuşuq ki, böhranlı vəziyyət aradan qalxıb və iqtisadi inkişaf öz axarına düşüb. Əslində, böhranlı vəziyyətin nə vaxt başlayacağını və nə vaxt bitəcəyini də proqnozlaşdırmaq mümkün deyil, çünki bu vəziyyətin yaranması üçün asılılıq səbəbləri müxtəlif ola bilər.

Etiraf etmək lazımdır ki, hazırda dünya iqtisadiyyatında böhran başlayıb və belə bir şərait özü də heç gözlənilməyən idi. Çünki, ötən ilin sonlarına qədər dünya ictimaiyyəti son dövlər üçün yalnız müsbət dinamika müşahidə edirdi. Daha dəqiq desək, neftin qiymətinin son dövrlərdə müşahidə olunan artım tendensiyası məhz iqtisadi artım proqnozlaşdırırdı. Hazırda isə biz bütün bunların tam əksi ilə rastlaşmışıq və dünyada başlayan böhran heç kim üçün sirr deyil. Hətta bu dəfəki böhranın 2008-2009-cu illərdəkindən daha təsirli olacağı qənaətində olanlar da tapılır.

Neftin qiymətinin 40 dollardan aşağı düşməsi və dünya iqtisadiyyatında yaranmış vəziyyət həqiqətən də yeni böhranın artıq başlamasından xəbər verir. Neftin qiyməti ilin əvvəlində ucuzlaşmağa doğru start götürəndə, onun bu qədər aşağı enəcəyini heç kim ağlına belə gətirmirdi. Çünki, əvvəla, OPEC+ ölkələri üçün bu sərfəli deyildi və bununla mübarizə də göz qabağında idi. Digər tərəfdən də belə bir ucuzlaşmanı yeni koronavirusla əlaqədar Çinin düşdüyü vəziyyətlə əlaqələndirənlər də tezliklə xəstəliyin aradan qaldırılması fonunda vəziyyətin kökündən dəyişəcəyini düşünürdülər. Düşünülürdü ki, xəstəlik və bu səbəbdən Çinin düşdüyü vəziyyət, onun neftin qiymətinə, dünya iqtisadiyyatına təsiri tez bir zamanda aradan qalxacaq. Amma hələlik bunun şahidi olan yoxdur və sadalananların əksini müşahidə edirik. O zaman nə baş verir, niyə bu qədər davam edir və nə vəd edir bu hal?

Qeyd etdiyimiz kimi, OPEK+ ölkələri neftin qiymətinin qorunub saxlanması, ən əsası aşağı düşməsinə maraqlıdırlar və bu maraq fonunda da görülən işlər, tədbirlər heç də diqqətdən yayınan deyildi. Bəs onda nə baş verdi? Müşahidə edilənlər, qiymətin bu qədər enməsi nədir, nə səbəbə görədir? Bunun qarşısı niyə alınmadı, yaxud qarşısının alınması niyə mümkün olmadı?

Məsələ burasındadır ki, əvvəla, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında fikir ayrılığı və mövqelərində kəskin ziddiyyətlərin ortaya çıxacağını OPEC+ ölkələri qətiyyən gözlənilmirdi. Çünki, bundan öncəki ucuzlaşmasının qarşısı məhz OPEC+ ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatı azaltmaq haqda anlaşması ilə alınmışdı. Məhz bu səbəbdən də belə bir halın bir daha olacağı, yaxud təkrarlanacağı gözlənilmirdi. Neftin 60 dollar civarında olması baha hesab olunmasa da, neft hasil edən ölkələr üçün sərfəli sayılırdı. Hasilatı azaltmaq haqda OPEC+ ölkələrinin qərarlarından sonra, yəni 2017-2019-cu illər ərzində qiymətlər də məhz bu qeyd olunan həddə sabitləşmişdi ki, bu da qənaətbəxş hesab olunurdu.

Bir qrup ekspertlər hesab edirlər ki, Çində koronavirus peyda olmasaydı, bu ölkənin vəziyyəti kəskinləşməsəydi, bütün dünya ilə əlaqələrində problemlər yaranmasaydı, əksinə, neft bahalaşmaqda davam edərdi. Qeyd olunur ki, neftin qiymətində son zamana qədər, ötən ilin sonunadək müşahidə edilən artım meyli ən azından belə bir nəticəyə gəlməyə əsas verir. Doğrudur, iqtisadi səbəbləri, əsasları olmasa da belə, Yaxın Şərqdə, Venesuela ilə Liviyada baş verən siyasi proseslərin neft qiymətlərinə müsbət təsir etdiyi, bahalaşmasına səbəb olması reallığa çevrilmişdi ki, bunu da etiraf etmək lazımdır.

Sözsüz ki, dünya iqtisadiyyatında müşahidə olunan böhran digər ölkələrə də təsirsiz ötüşə bilməz. Amma bunun Azərbaycana təsirinin elə də nəzərəçarpacaq dərəcədə olması da gözlənilən deyil. Əvvəla ona görə ki, Azərbaycan digərləri, məsələn, ABŞ, Rusiya, Almaniya, Çin və sairləri kimi böyük dövlət deyil və qlobal böhranın ölkəmizə birbaşa təsiri də inandırıcı görünmür. Ələlxüsus bu təsirlərin dərhal təzahürü də mümkünüzdür. Doğrudur, neft ixrac edən ölkə kimi neftin qiymətinin dəyişməsi, daha dəqiq desək azalması ölkə iqtisadiyyatına təsir edə bilər və qeyd edək ki, bu bizdən asılı olacaq məsələ deyil. Amma, digərlərindən, daha böyük dövlətlərdən fərqli olaraq, bu təsir onlarla müqaisə belə ediləcək ola bilməz.

Nəzərə alaq ki, neftin dünya bazar qiyməti 50 dollara enənədək, ümumiyyətlə, hansısa qorxu yox idi. Təbii ki, neftin dünya bazarında 50 dollardan aşağı düşməsi ölkəmizdə mövcud makroiqtisadi göstəricilər üçün arzuolunan deyil. Belə bir qiymət valyuta bazarına da təsirsiz ötüşməyə bilər. Ələlxüsus dünya bazarında neftin qiymətinin 40 dollara və bundan da aşağı enməsi ölkənin pul vahidinin valyutaya münasibətini dəyişmək ehtimalı var, çünki, belə bir şəraitdə manatın məzənnəsinə nəzarət çətinləşir.

Onu da qeyd etmək yerinə düşərdi ki, neftin dünya bazarındakı qiyməti Azərbaycanda dövlət büdcəsinə birbaşa təsir etmir. Belə bir təsiri ilk növbədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) öz üzərinə götürür. Beləki, 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 47,0 faizi, yəni 11,350,0 milyon manatı ARDNF-dan transfertdir və neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, hər il olduğu kimi, bu il də bu məbləğin köçürülməsi reallaşdırılacaq. Bir sözlə, neftin qiymətinin ucuzlaşmasından asılı olmayaraq, dövlət büdcəsinin icrasında qeyri-sabitlik müşahidə olunmayacaq. Ölkə vətəndaşlarımız bunun artıq bir dəfə, 2015-2016-cı illərdə şahidi olublar. Həmin illərdə də neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, eyni ilə 40 dollardan aşağı olması dövlət büdcəsinin icrasına mane ola bilmədi. Düzdür, həmin illərdə neftin qiymətinin qeyd olunan səviyyəyə düşməsi valyuta bazarına, manatın məzənnəsinə mənfi təsir etdi, amma dövlət proqramlarının, ümumiyyətlə, hansısa planların ləğvinə, yaxud məhdudlaşdırılmasına səbəb olmadı.

Hazırki vəziyyətdə isə vəziyyət bir az da artıq nəzarət altındadır desək yanılmarıq. Çünki, keçən il 60 dollar olduğu halda, bu il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 ABŞ dollar götürülüb. Bu, əslində, ölkə başçısının əvvəlcədən vəziyyəti nəzərə alması, düşünülmüş siyasəti sayəsindədir və neftin qiymətinin belə bir həddə götürülməsi çox müsbət addımdır. Ona görə ki, keçən il faktiki olaraq dünya bazarlarında neftin qiyməti 60 dollardan yuxarı olsa da, 2020-ci ildə neftin dünya bazarında qiymətinin bundan aşağı olmayacağı gözlənilsə də qara qızılın qiymətinin belə bir səviyyədə götürülməsi hökumət üçün risklərin artırılması yox, azaldılması deməkdir ki, bu, hazırki vəziyyət üçün çox incə və diqqətə layiq, təqdir olunacaq məqamdır.
Bütün bunlarla yanaşı onu da nəzərə almaq lazımdır ki, ölkəmiz neft ixrac edən ölkə olsa da, ölkə başçısının, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar səyəsində Azərbaycanda həm də qeyri-neft sektorunun inkişafı da artıq öz bəhrəsini verir. Ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən tədbirlər, görülən işlər, aparılan islahatlar sayəsində Azərbaycanda neftdən asılılığın aradan qaıdırıldığı günümüzün reallığıdır. Qeyri-neft sektoru heç zaman görünməyən dinamik inkişaf mərhələsindədir və bu həm də o deməkdir ki, Azərbaycan təkcə neft deyil, digər məhsulların da ixracatçısıdır və bu da öz növbəsində büdcə gəlirlərinin artımına, valyuta ehtiyatlarının tənzimlənməsinə əsaslı zəmin yaradır. Nəzərə alsaq ki, ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatının, sənayenin inkişafına öz töhfələrini verir, deməli, istehsalın həcminin bundan sonra daha da artması gözləniləndir. Bütün bunlar isə öz növbəsində onu deməyə əsas verir ki, Azərbaycan dünya böhranı fonunda da inkişaf etmək əzmindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə