"Çevik reaksiyalar qlobal şokların iqtisadiyyata təsirlərini minimumlaşdıracaq" - AÇIQLAMA
“OPEK və eləcə də OPEK-ə üzv olmayan ölkələrin anlaşma imzalaya bilməməsi neftin bazar qiymətində kəskin enişlərlə müşahidə olunub. Nəzərə alsaq ki, neft bazarı bu həftəyə praktik olaraq çöküşlə başlayıb. Bu da təbii ki, 1991-ci ildən sonra neftin dünya bazarı qiymətində ən aşağı qiymətlər idi. Sözsüz neftin dünya bazarında qiymətinin dəyişməsi xarici faktor olaraq Azərbaycan iqtisadiyyatına da təsir göstərir. Neft bazarındakı kəskin ucuzlaşma birbaşa Azərbaycan iqtisadiyyatına bağlı məsələ deyil, bu xarici faktordur. Bununla yanaşı xüsusən də 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı, eləcə də iqtisadiyyatın diversifikasiyası ilə əlaqədar aparılan tədbirlər mərhələli şəkildə neftdən asılılığın aradan qaldırılmasına xidmət edib”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirb ki, əgər 2014-cü ildə qlobal neft şoku yaranan zaman neftin Azərbaycan dövlət büdcəsində neft sektorunun payı 80 faiz idisə, bu rəqəm artıq 50 faizə qədər azalıb və qeyri-neft sektorunun payı praktiki olaraq 20 faizdən 50 faizə qədər yüksəlib: “Bu da ondan xəbər verir ki, büdcə gəlirlərində ötən müddətdə iqtisadiyyatın diversifikasiyası ilə bağlı mərhələli şəkildə addımların atılması və məhz iqtisadiyyatın diversifikasiyasına nail olunması istiqamətində uğurlar əldə edilib. Nazirlər Kabinetində keçirilən görüş də ondan xəbər verir ki, Azərbaycan xarici faktorlara və eləcə də xarici şoklara çox qısa zamanda reaksiya verir. Eyni zamanda xarici şokların Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa çalışır. Ötən müddətdə 2014-cü ildən sonra həyata keçirilən siyasət həm də praktiki olaraq Azərbaycan dövlət rezervlərinin artırılmasına xidmət edib. Digər tərəfdən xarici borc məbləğində azalmalar və xarici borcun ümumdaxili məhsuldakı payı 17 faizə qədər azalıb”.
Politoloq qeyd edib ki, həmçinin Azərbaycan dövlət rezervlərinin payının 50 milyarddan çox olması həm də Azərbaycanda dövlət rezervlərinin ümumi payının ümumdaxili məhsuldan daha çox olmasına səbəb olub: “Bu da təbii ki, xarici şokların təsirlərini minimumlaşdırılması baxımından vacibdir. Sözsüz son hadisələr bir daha göstərir ki, Azərbaycanda dərinləşmiş iqtisadi islahatlar davam edəcək. İqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatların sürətlənməsi bu gün əsas prioritet məsələlərdən biridir. Növbəti mərhələdə də xüsusən də xarici şokların təsirini minimallaşdırılması kontekstində həm islahatların dərinləşməsi, həm neft sektorunun ümumi iqtisadiyyatda da payının azaldılması və iqtisadiyyatın diversifikasiyası aparılan islahatların əsas istiqaməti olaraq qalacaq. 2019-cu ildə islahatlar və xüsusən də gizli iqtisadiyyata qarşı aparılan mübarizə dövlət büdcəsinə əlavə olaraq 1 milyard manat vergi daxilolmaların cəlb edilməsinə imkan verib. Eyni zamanda bu ilin iki ayında da büdcə daxilolmaları proqnozlaşdırılandan daha çoxdur və xüsusən bu qeyri-neft sektoru hesbaına baş verib. Qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə alınıb. Ümumidaxili məhsulu 2,8 faiz artıb”.
Deputat vurğulayıb ki, əslində qlobal şokların olmasına və neft bazarında kəskin ucuzlaşmanın olmasına baxmayaraq Azərbaycan iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatları davam etdirir və bu da nəticə etibarilə özünü iqtisadiyyatın struktunda göstərməkdədir: “Həm çevik reaksiyalar, həm atılan adekvat addımlar bu mərhələdə də qlobal şokların, xarici-iqtisadi faktorların Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa imkan verəcək. Bu isə ondan xəbər verir ki, Azərbaycan strategeiyasına uyğun olaraq növbəti mərhələdə də iqtisadiyyatın şaxələnməsi ilə bağlı eləcə də dərinləşmiş iqtisadi islahatların davam etdirilməsini həyata keçirəcək ki, bu da mərhələli şəkildə qlobal şokların, xüsusilə neft bazarı daxil olmaqla strateji məhsullar bazarında ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına təsirlərinin minimumlaşdırılmasına gətirib çıxaracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB