İtaliya səfərinin iqtisadi UĞURLARI ŞƏRH-ÖZƏL

"Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ötən həftə İtaliyaya dövlət səfəri bir neçə aspektdə əhəmiyyətli, həm də olduqca məhsuldar oldu". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, Azərbaycan bu səfərlər bütün dünyaya təkcə neft-qaz ölkəsi olmadığını bir daha bəyan etdi: "Azərbaycanda bu gün qeyri-neft sektorunu inkişaf etdirmək prioritet sayılır. Odur ki, belə səfərlərin ən böyük məqsədi və məramı ikitərəfli əlaqələri və əməkdaşlığı mövcud müstəvidən qeyri-neft-qaz sektoruna transfer etməkdir. Bunun üçün Azərbaycanda hər cür şərait yaradılıb, üstəlik, beynəlxalq maliyyə, iqtisadi və reytinq agentlikləri, o cümlədən, qiymətləndirici dairələr və ekspertlər də ardıcıl olaraq müsbət rəy verirlər".

Ekspert söyləyib ki, eyni zamanda, ölkədə həyata keçirilən islahatlar da dəstəklənir ki, dəyişikliklər müsbət qiymətləndirilir: "Bunun nəticəsidir ki, son 16 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, əhalinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayırdısa, bu, 4,8 faizə düşüb".

Ölkəmiz uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz etdiyini deyən P. Heydərov qeyd edib ki, Azərbaycandan idxal edilən xam neft İtaliyada istehlakın 18 faizini təşkil edir: "Azərbaycan bu sahədə birinci yerdədir. TAP layihəsi başa çatdıqdan sonra isə Azərbaycan və İtaliya növbəti onilliklər ərzində qaz sahəsində də çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərməli olacaqlar. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq ki, bu həcmin gələcəkdə 20 milyard kubmetrədək çatacağı imkanı var".

Ekspert əlavə edib ki, səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlərin sayı və əhatə etdiyi sahələrin spesifikası deməyə əsas verir ki, əməkdaşlığın iqtisadiyyatın real sektora transferi üçün ortada nəinki böyük imkanlar var, konkret istək də mövcuddur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə