“Corctaun beynəlxalq məsələlər jurnalı” Azərbaycanın enerji strategiyasından yazır
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Corctaun beynəlxalq məsələlər jurnalı”nda “Bərpa olunan enerji mənbələri Azərbaycanın enerji strategiyasını yeniləyir” adlı məqaləsi dərc olunub. Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycanın 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə həyata keçirdiyi irimiqyaslı enerji layihələrinin əhəmiyyətindən bəhs edilir. Məqalədə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Cənub Qaz Dəhlizi kimi meqalayihənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusilə vurğulanır. Bununla yanaşı, yazıda hazırda Azərbaycanın energetika sektorunda gedən islahatlara toxunulur, bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji istehlak balansındakı payının artırılması istiqamətində görülən işlərdən bəhs edilir. Qeyd olunur ki, ölkədə hazırda bu istiqamətdə köklü işlər görülür, o cümlədən müvafiq qanunvericilik bazası hazırlanır.
Həmçinin ölkədə bərpa olunan enerji – xüsusən də külək və günəş enerjisinin istifadəsi istiqamətində layihələrin həyata keçirilməsi üçün uyğun biznes tərəfdaşlarının cəlb edilməsi məqsədilə 2020-ci ildə hərracların keçirilməsi də nəzərdə tutulub. “Əsas hədəf kimi, Azərbaycan Energetika Nazirliyi 2030-cu ilədək ölkənin bərpa olunan enerji ehtiyatlarının həcmini ölkənin ümumi enerji balansında 30 faizədək artırmağı nəzərdə tutur. Hazırda bu rəqəm su elektrik stansiyaları da daxil olmaqla 17-18 faiz təşkil edir”,- deyə müəllif vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB