Balıq ehtiyatlarının artırılması sahəsində görülən işlər ümidlərimizi artırıb

Balıq ehtiyatlarının artırılması sahəsində görülən işlər ümidlərimizi artırıb

Son dövrlərdə su hövzələrində balıq ehtiyatlarının artırılması və onun mühafizəsi sahəsində görülən müsbət işlər problemlərin həllinə olan ümidlərimizi artırıb. SİA xəbər verir ki, bunu Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev ETSN-də bu günkeçirilən mətbuat konfransında deyib.

Əfqan Əliyev diqqətə çatdırıb ki, görülən işlərin fonunda problemlər hələ də mövcuddur və hətə də qanunla Azərbaycana idxalına qadağa qoyulmuş sintetik torların açıq satışı, bu torların su hövzələrində brakonyerlər tərəfindən istifadəsi davam edir.
“Bəzi hallarda çevik tədbirlərin görülməməsi, əhalinin etinasızlığı, ictimaiyyətin bu hallara göz yumması brakonyerliyin hələ də davam etməsinə səbəb olur. Təkcə brakonyerlik deyil, neftlə çirklənmiş suların, kanalizasiya sularının və diğər sənaye tullantılarının təmizlənmədən su hövzələrinə axıdılması da su hövzələrini çirkləndirir və bu da balıq ehtiyatlarının məhvinə səbəb olur.
Həvəskar Balıqçılar İttifaqı olaraq biz aidiyyəti qurumlarla birgə brakonyerliyin aradan qaldırılması üçün təkliflər planı hazırlayıb bu problemin aradan qaldırılmasına çalışırıq. Əminik ki, birgə əməkdaşlığımız böyük işlərin görülməsinə gətirib çıxaracaq.
Problemlərin, yəni qadağan olunmuş vasitələrlə, qadağan olunmuş vaxtlarda balıq ovuna icazə verilməməsi və Azərbaycanda həvəskar balıq ovunun inkişafı üçün Daxili İşlər, Gənclər və İdman Nazirliklərinin və Turizm Agentliyinin də dəstəyinə böyük ehtiyacımız var. Ümid edirik ki, bu problemlərə düzgün yanaşıldığı halda onları birgə həll edə bilərik. Həll etmək dedikdə, minimuma endirilməsini nəzərdə tuturuq, çünki inkişaf etmiş ölkələrdə də brakonyerlik halları var, ona görə də tam aradan qaldıra bilməsək də, heç olmasa onların sayını azalda bilərik. Bunun üçün kimisə ittiham etmək yerinə birgə məsələnin həllinə çalışmalıyıq”, deyə Əfqan Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə