Aprel iməciliklərində SOCAR-ın 30 minə yaxın əməkdaşı iştirak edir FOTO

Aprel iməciliklərində SOCAR-ın 30 minə yaxın əməkdaşı iştirak edir FOTO

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız” kəlamını ekoloji fəaliyyətində daim rəhbər tutan SOCAR ətraf mühitin qorunması istiqamətində çoxşaxəli kompleks tədbirlər planını davam etdirir. Şirkətin əməkdaşları hər il yaz və payız mövsümlərində genişmiqyaslı iməciliklər keçirir, idarə və müəssisələrin ərazilərini tullantılardan təmizləyir, abadlıq, yaşıllaşdırma işləri aparır, əvvəllər salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərirlər.

Yaz mövsümü ilə əlaqədar cari ilin aprel ayı ərzində şirkətin bütün strukturlarında şənbə iməcilikləri keçirilməkdədir. Aprelin 13-də SOCAR rəhbərliyi və baş ofisinin kollektivi Pirallahı rayonunda “Abşeronneft” NQÇİ-nin ərazisində keçirilən iməcilikdə iştirak edib. İməcilik zamanı ərazinin təbii xüsusiyyətlərinə uyğun olan 5 mindən artıq ağac və gül bitkiləri əkilmiş, mövcud yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilmiş, ağacların dibləri yumşaldılmış və abadlıq işləri aparılmışdır. “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin kollektivi Pirallahı adasında ekoloji tarazlığın bərpası məqsədilə indiyədək 13,5 hektarlıq mədən ərazisini bioremediasiya üsülu ilə neft şlamından təmizləmiş, daxili imkanlar hesabına 18,3 hektarlıq sahəni abadlaşdırmış və həmin sahələrdə 70 mindən artıq ağac, müxtəlif növ gül kolları əkmişdir. Dəniz özüllərində isə quyuların yeraltı və cari təmiri zamanı istifadə olunan lay sularının idarə olunması üçün qurğular quraşdırılıb.

Qeyd edək ki, aprel ayı ərzində keçirilən iməciliklərdə SOCAR-ın müxtəlif idarə və müəssisələrində çalışan təxminən 30 min əməkdaşının iştirakı ilə on minlərlə ağac və gül kolunun əkilməsi, əvvəllər əkilmiş ağac və gül kollarına aqrotexniki qulluq göstərilməsi, habelə abadlıq işlərinin aparılması planlaşdırılır. İməciliklərdə mədən ərazilərinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - şam, çinar, Avropa zeytunu, Eldar şamı, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə