Elman Rüstəmov: “Ölkədə dollar kütləsinin artması manatın məzənnəsinin müəyyən yüksəlişinə şərait yaradıb”
Azərbaycana valyuta axını, ölkədə dollar kütləsinin artması manatın məzənnəsinin müəyyən yüksəlişinə şərait yaradıb. SİA-ya xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Bu prosesin AMB-nin nəzarəti altında baş verdiyini söyləyən E. Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank manatın məzənnəsinin həddindən artıq möhkəmlənməsinin qarşısını ötən il olduğu kimi almağa çalışır: "Bu, bizim qeyri-neft ixracatımıza müəyyən dərəcədə maneə törədə bilər. Amma inflyasiyanın normada saxlanılması baxımından bu müsbətdir. Valyutanın bahalaşması idxalın ucuzlaşması deməkdir. Ona görə də AMB-nin qarşısında duran başlıca vəzifə ixracatçıları müdafiə etməklə inflyasiyanı birrəqəmli səviyyədə saxlanılması kimi dilemmanı həll etməkdir".
AMB sədri bank sektorunda vəziyyətin sabit olduğunu və keçən il müəyyən inkişaf prosesinin baş verdiyini deyib. Baş bankir hesab edir ki, banklar böhran dövründə olan problemlərini artıq bilirlər və əhəmiyyətli ehtiyatlar yaradıblar: "Bunu daha da inkişaf etdirmək lazımdır".
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binası Bakı şəhərinin Heydər Əliyev prospektində tikiləcəyini deyən E. Rüstəmovun sözlərinə görə, yeni bina Dövlət Neft Fondunun yeni binası ilə yaxın yerləşəcək: "1998-ci ildə bina istifadəyə verilərkən AMB-nin 200 işçisi vardı. İndi artıq Mərkəzi Bankın yeni strukturları, Maliyyə Monitorinq Xidməti, İpoteka Fondu və sairə mövcuddur. Ölkənin pul dövriyyəsi 10 dəfədən çox artıb".
AMB sədri bildirib ki, yeni binada müasir avtomatlaşdırılmış pul-xəzinəsi qurulacaq, ölkədə çıxarılan qızılı saxlamaq üçün qızıl xəzinəsi yaradılacaq. AMB-nin hazırkı binasının taleyinə gəlincə, E. Rüstəmov binanın söküləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. E. Rüstəmov bildirib ki, bu binanın tikintisinə o zaman 30 milyon dollar vəsait xərclənib. Bu bina ölkənin müvafiq qurumlarının balansına verilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB