"Sosial təşəbbüslər iqtisadi aktivliyi daha da canlandıracaq" AÇIQLAMA-ÖZƏL
“Əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. O, prezident seçildikdən sonra ilk qəbul etdiyi proqram 2004-cü ildə sosial-iqtisadi inkişaf ilə bağlı olub və keçən 16 il ərzində əhalini sosial rifahı üçün xeyli iş görülüb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və idarəetmə islahatların daha da sürətləndiyini deyən deputat söyləyib ki, məhz bu islahatlar nəticəsində 2018-ci ildə ölkə iqtisadiyyatı artım nümayiş etdirdi və əlavə mənbələr hesabına dövlət büdcəsinin də gəlirləri artdı.
Onun sözlərinə görə, təkcə 2019-cu ilin ilk ayı ərzində vergi və gömrük sahəsində əlavə 105 milyon manat vəsait yığılıb ki, bütün bunlar islahatların iqtisadi artıma mühüm və müsbət təsirindən xəbər verir: “Belə bir şəraitdə iqtisadi imkanlardan əhalinin sosial rifah halının gücləndirilməsində sərf olunması dövlət başçısının sosial təşəbbüslərinin daha da gücləndirilməsi deməkdir ki, bu da hər kəs tərəfindən yüksək qiymətləndirilir. 2 milyon 200 min insanı əhatə edən sosial artımlar həm əhalinin maddi rifah halını yaxşılaşdırır, həm də iqtisadi aktivliyi daha da canlandıracaq”.
T.Mirkişili söyləyib ki, prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman dünyada nadir rast gəlinən hallardan biridir: “Bu problemin həll edilməsi dövlət-vətəndaş münasibətlərində etibar və dəstək məsələsini daha üst səviyyəyə qaldırıb. Problemli kreditlər iqtisadi inkişafın qarşısında mühüm bir maneə kimi dayanmışdı. Nəhayət, bu problem aradan qaldırıldı. Getdikcə problemin səviyyəsi artırdı. Problemli kreditlər maliyyə sisteminin sağlamlaşdırılmasında bir maneə kimi qalmışdı və bunu həll etmək lazım idi. Baxmayaraq ki, bu məsələdə dövlətin hüquqi və maliyyə öhdəliyi yox idi. Çünki burada məsələlər vətəndaş və özəl sektor arasında tənzimlənirdi, müqavilələr də var idi. Məsələnin həlli bir daha göstərdi ki, ümumi problemlərin həllində dövlət hər zaman təşəbbüs göstərməyə, bunun üçün kifayət qədər vəsait ayırmağa hazırdır. Burada ümumilikdə 1 milyard manatdan çox vəsaitin ayrılmasından söhbət gedir və kifayət qədər böyük məbləğdir. Bu da iqtisadiyyatın inkişafının hərtərəfli təmin olunması baxımından dövlətin atdığı vacib addımdır”.
Banklara dəstək məqsədilə 682 milyon manat həcmində illik 0.1% dərəcə ilə 5 illiyinə vəsait ayrılması nəzərdə tutulduğunu deyən deputat vurğulayıb ki, əslində bu fərman bütün banklara böyük bir dəstəkdir: “Çünki, kreditlərin ödənməməsi bankların maliyyə durumunu xeyli çətinləşdirir, yeni kredit layihələrini həyata keçirilməsinin qarşısını alırdı. Vətəndaşa və banka kömək etməklə dövlət bu problemin hər iki tərəf üçün həllinə nail olur. Bundan başqa Vergi Məcəlləsinə dəyişikliklər bu il 1 yanvar tarixindən qüvvəyə mindi. Müşahidələr göstərir ki, fiziki və hüquqi şəxslər bu dəyişiklikləri müsbət qəbul etməkdədirlər. Vergi yığımının də səviyyəsinin artması bunu deməyə əsas verir. Yeni dəyişikliklər şəffaflığı artıracaq və sahibkarlarda şəffaflıq üçün bir stimul yaradacaq. Doğru uçotun aparılmasının rəqabətdə qalib gəlməyin və gəlirlərin artırılmasının əsas şərti olduğunu əksək sahibkarlar qəbul etməkdədirlər. Yeni dəyişikliklər bunu həm də təşviq edir”.
T. Mirkişili düşünür ki, aparılan iqtisadi islahatlara uyğun olaraq vergi məcəlləsi də daim təkmilləşdirilməlidir: “İqtisadiyyatdan və sahibkarlardan gələn sosial və iqtisadi sifarişə uyğun olaraq bu iş daim davam etdiriləcək. Hələlik ki, bazar subyektlərinin yeni dəyişikliklərə uyğunlaşması prosesi gedir və bu proses çox uğurludur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB