"Banklar kreditləri aşağı faizlə verməlidirlər" AÇIQLAMA-ÖZƏL

"Banklar kreditləri aşağı faizlə verməlidirlər" AÇIQLAMA-ÖZƏL

"Azərbaycan Prezidentinin problemli kreditlərlə bağlı fərmanından sonra bankların sağlamlaşdırılması, eləcə də likvidliyini artırılması üçün xeyli imkanlar yaranıb". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, ölkə başçısı tərəfindən verilən fərman sosial əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan vacib sənəddir: " Çünki, nəticə etibarı ilə bu, bankların sağlamlaşdırılması üçün yeni imkanlar yaradır. Hesab edirəm ki, bu baxımdan fərmanda nəzərdə tutulan fəaliyyətlərin icra olunması nəticə etibarı ilə kommersiya banklarının likvidliyinin artırılması və maliyyə durumlarının ciddi şəkildə yaxşılaşmasına gətirib çıxaracaq".

Ekspertin sözlərinə görə, hazırda banklar üçün ən ciddi problem kreditlərlə bağlı idi: "Çünki, bankların problemli kreditlərinin həcmi 1 milyon 585 milyon manat idi ki, bu da ümumi kredit portfelinin 12,1 faizini təşkil edir. Ölkə başçısının son fərmanı nəticə etibarı ilə problemli kreditlər məsələsinin çözülməsi demək idi ki, bu problem həllini tapdığı üçün bankların likvidliyi artacaq. Banklar əslində onlar üçün problemə çevrilən məsələnin həllinə nail ola bildilər".

V. Bayramov söyləyib ki, hazırda vacib olan məsələlərdən biri banklarda faiz dərəcələrinin aşağı salınmasıdır: "Prezident İlham Əliyev tərəfindən edilən güzəştdən sonra banklar da daha aşağı faizlə kreditlərin təklif etməsinə nail olmalıdırlar. Azərbaycanda kredit faizləri ilə depozit faizləri arasında ciddi fərq var. Bu gün banklar xarici valyutaya görə depozitə 1 faiz, manatla olan depozitlərə aparıcı banklarda 7 faizdən aşağı ödəniş edirlər".

Ekspert vurğulayıb ki, kredit faizlərinə diqqət yetirsək, xarici valyutada 16, milli valyutada isə 30 faizə qədər yüksəli: "Bu isə əslində bankların cəlb etdiyi depozitlər üzrə ödədikləri vəsaitlərlə kredit faizləri arasında kəskin fərq olduğunu göstərir. Depozit faizləri aşağı düşməsinə baxmayaraq, banklarda hələ də kredit faizləri yüksək olaraq qalmaqdadır. Bu gün banklarda kredit portfelinin həcmi 12 milyard manatdan, cəlb etdiyi depozitlərinin həcmi isə 8 milyard manata yaxındır. Bu isə o deməkdir ki, hazırda bankların depozit portfeli kredit portfelinin 66 faizini təşkil edir. Bankların təklif etdiyi orta hesabla hər 100 dollardan 66 dollarını, hər 100 manatın 66 manatını vətəndaşdan daha ucuz cəlb etmək imkanı var. Prezidentin son fərmanı bu imkanların daha da genişləndirilməsinə gətirib çıxarıb. Bu kontekstdən banklar son fərmanın yaratdığı imkanlardan faydalanaraq, yenidən problemli kreditlərlə üzləşməmək üçün kreditləri aşağı faizlərlə verməlidirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə