Ötən il bir-birini əvəz edən nailiyyətlər, uğurlarla xarakterizə edilir TƏHLİL
2018-ci ili ölkəmiz üçün uğurlu il hesab etməkdə hər kəs haqlıdır. Çünki, ölkəmiz yola saldığımız ildə bütün istiqamətlər üzrə sürətlə inkişaf edərək uğurlu nəticələr əldə edib. Bu nəticələr isə onu deməyə əsas verir ki, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib və bu da beynəlxalq miqyasda mövqelərimizin daha da möhkəmlənməsi deməkdir.
Ötən il beynəlxalq müstəvidə Azərbaycanın uğurlu fəaliyyət sərgilədiyi heç cür inkar edilə bilməz və ikitərəfli əlaqələrimizin hansı səviyyədə, eyni zamanda nə qədər geniş olması bunu təsdiq edir. Artıq qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb və bu istiqamətdə ötən ilin nailiyyətləri özünəməxsus yer tutur. Qonşu dövlətlərlə siyasi, iqtisadi və digər sahələrdə aparılan birgə işlər bölgədə sabitliyin daha da möhkəmlənməsini şərtləndirir.
Azərbaycanda hökm sürən sabitlik xüsusilə təqdirə layiqdir və ötən il bu istiqamətdə də əldə olunan nailiyyətlərə görə yaddaqalan il hesab olunur
2018-ci il xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb və bu baxımdan yola saldığıməz ili sabitlik, əmin-amanlıq ili kimi də xarakterizə edə bilərik. Dünyada gərginliyin, risklərin, təhdidlərin artdığı bir vaxtda Azərbaycanda hökm sürən sabitlik və əmin-amanlıq xüsusilə təqdirə layiqdir və ötən il bu istiqamətdə də əldə olunan nailiyyətlərə görə xüsusilə yaddaqalan il hesab olunur.
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi də 2018-ci ildə öz həllini tapa bilib ki, bunun təkcə Azərbaycan üçün deyil, bütün xəzəryanı ölkələr üçün də əhəmiyyəti olduqca böyükdür. Daha dəqiq desək, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi əslində tarixi nailiyyətdir. Bu tarixi nailiyyət də məhz ötən ilə təsadüf edir. Uzun illər ərzində həll olunmamış qalan bu məsələ məhz yola saldığımız 2018-ci ildə öz həllini tapıb ki, bu məsələnin həllində öz dəyərli töhfəsini verən Azərbaycan üçün bu çox böyük uğur hesab olunur.
İl ərzində iki dəfə keçirilən parad ölkəmizin hərbi qüdrətini təsdiq edir və hərbi potensialından xəbər verir
Artıq dünya miqyasında güclü ordular sırasında olan Azərbaycan Ordusu beynəlxalq miqyasda da diqqət mərkəzindədir. Ordu quruculuğu, hərbi hazırlıq və hərbi təchizat sahəsində ölkəmizin uğurlarını, nailiyətlərini hər kəs etiraf etmək məcburiyyətindədir. Bu uğurların əldə edilməsində ötən, 2018-ci ilin də çox böyük payı var.
Əbəs yerə deyil ki, 2018-ci ildə ölkəmizdə iki dəfə hərbi parad keçirildi. Bunların hər biri bizim gücümüzdən, bizim güclü ordumuzun potensialından xəbər verir. İndi dünya ictimaiyyəti ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan ordusu haqqında məlumatlıdır və etiraf etmək lazım gəlir ki, ordumuz çox yüksək döyüş qabiliyyətinə malikdir. Azərbaycanın hərbi qüdrətini bir daha təsdiq etməyə biz 2018-ci ildə də həmçinin nail ola bildik.
Aparılan islahatlar, Azərbaycanda yürüdülən düzgün iqtisadi siyasət, yaradılan mövcud şəffaf şərait qlobal miqyasda yüksək qiymətləndirilir
Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil və tamamilə müstəqildir. Müstəqil olan Azərbaycan iqtisadiyyatı isə bizim müstəqil siyasətimizi gücləndirən ən vacib şərtdir. İqtisadi cəhətdən güclü, eyni zamanda müstəqil olan Azərbaycan sosial layihələrin həyata keçirilməsi üçün də yetərli imkanlara malikdir. Əhalinin, ələlxüsus qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bu imkanlar çox böyük əhəmiyyət kəsb edir. Məhz bu imkanlar sayəsində ğtən il ərzində qaçqın və məcburi köçkünlər üçün çox böyük işlər görülüb. Hesabat ili ərzində 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər, həmçinin, Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün 626 mənzil tikilib və onlara təqdim edilib ki, son illərlə müqaisədə bu rəqəm rekord göstərici hesab olunur.
Ölkəmiz iqtisadi cəhətdən dinamik inkişaf tendensiyasına sadiqdir və ötən 2018-ci ildə bu ənənə uğurla davam etdirilib desək yanılmarıq. İl ərzində ümumi daxili məhsulun artımı müşahidə edilib. Qeyri-neft sektorunun inkişafını isə xüsusilə vurğulamaq yerinə düşər. Sənaye istehsalı sürətli artım tempi ilə seçilməkdədir. Qeyri-neft sənaye sektorunda 9 faizdən çox artımın müşahidə edilməsi heç də sıradan bir göstərici deyil və bu nailiyyət də məhz 2018-ci ilin nailiyyətlər9 sırasındadır.
İl ərzində ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulması, ixracın təxminən 40 faiz artması çox böyük göstəricidir. Bu göstəricilərin hər biri sözsüz ki, görülən işlərin, aparılan islahatların, düzgün iqtisadi siyasətin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” proqramının son hesabatlarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Dünya Bankının bu dəyərləndirməsi, daha dəqiq desək ölkəmizin 25-ci yerə layiq görülməsi, 32 pillə irəliləməsi təsdiq edir ki, ölkəmizdə aparılan islahatlar, Azərbaycanda yürüdülən düzgün iqtisadi siyasət, mövcud şəffaf şərait qlobal miqyasda yüksək qiymətləndirilir.
2018-ci il ölkəmiz üçün müvəffəqiyyətlər ili kimi yadda qalacaq
Ötən ilin uğurlarından biri də Cənub Qaz Dəhlizinin rəsmi açılışı hesab olunur ki, bu çox böyük və eyni zamanda həqiqətən də tarixi nailiyyətdir. Bu tarixi nailiyyətlər sırasına həmçinin ötən ilin iyun ayında rəsmi olaraq açılan TANAP layihəsi də daxildir. Çünki, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı və bütün bunlar məhz yola saldığımız hesabat ilində gerçəkləşdi. Bu gerçəkləşən layihələr isə öz növbəsində Azərbaycan xalqına bundan sonrakı onilliklər ərzində böyük faydalar, mənfəət deməkdir.
Hesabat ilində reallaşdırılan və açılışı olan qlobal layihələr sırasına Ələt Ticarət Limanı da daxildir. Ötən il açılışını qeyd etdiyimiz Ələt Ticarət Limanı sözün həqiqi mənasında çox böyük tarixi layihə hesab olunur. Beləki, bu liman vasitəsilə artıq Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Artıq Şimal-Cənub, Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Bu isə o deməkdir ki, çox güclü nəqliyyat infrastrukturu bizə geniş imkanlar yaradacaq. Daha dəqiq desək, ölkəmizin tranzit imkanları çox böyük səmərə üçün vacib amil hesab olunur və yaxın gələcəkdə faydasını görəcəyimiz günün reallığıdır.
Ümumiyyətlə, ötən hesabat ilini bir-birini əvəz edən nailiyyətlər, uğurlar xarakterizə edir və bu baxımdan 2018-ci ilun yekunları onu deməyə əsas verir ki, həmin il ölkəmiz üçün müvəffəqiyyətlər ili kimi yadda qalacaq. Bir sözlə, ötən il ölkəmiz üçün uğurlu hesab olunur. Nəzərə almaq lazımdır ki, belə müsbət dinamika da öz növbəsində inkişafı, irəliləyişi şərtləndirir və bu baxımdan cari ilin də ölkəmiz üçün uğurlu və müvəffəqiyyətli olacağı zərrə qədər şübhə doğurmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB