AQTA-da sahibkarlarla görüş keçirilib

AQTA-da sahibkarlarla görüş keçirilib

Noyabrın 23-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) baytarlıq preparatları, yem və yem əlavələrinin idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. AQTA-nın kommunikasiya və informasiya texnologiyaları şöbəsindən SİA-ya verilən xəbərə əsasən, görüşdə ölkəyə baytarlıq preparatları, yem və yem əlavələrini idxal edən fiziki və hüquqi şəxslər tərəfindən idxal zamanı yol verilən nöqsanların həlli məsələləri müzakirə edilib. Həmçinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada idxal olunan məhsulu müşayiət edən sənədlərin zəruriliyi sahibkarların diqqətinə çatdırılıb.

Görüş zamanı həmin fiziki və hüquqi şəxslərin qeydiyyata alınmasının vacibliyini vurğulayan agentliyin sədr müavini Rəşad Mafusov sahibkarları bu prosesdə aktiv olmağa dəvət edib.

Bu sahədə beynəlxalq təcrübənin tətbiq olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayan AQTA-nın heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev baytarlıq preparatları, yem və yem əlavələrinin daşınma və dövriyyəsi zamanı mal qonşuluğu prinsipinin qorunmasının vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Q.Əbdüləliyev bəzi təsərrüfat sahiblərinin baytarlıq preparatlarından istifadə edərkən baytar həkimi xidmətindən yararlanmadığı üçün müəyyən problemlərlə qarşılaşdığını və buna görə də mövcud sahədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac duyulduğunu qeyd edib.

Agentlik tərəfindən bundan sonra da sahibkarlara hər cür metodiki köməkliyin göstəriləcəyini deyən AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev sahibkarlıq subyektlərinin maarifləndirilməsi işlərinin davam etdiriləcəyini bildirib, onları sosial videoçarxların hazırlanması, vətəndaşların maarifləndirilməsi işində birgə əməkdaşlığa dəvət edib.

Daha sonra baytarlıq preparatları, yem və yem əlavələrinin idxalı ilə məşğul olan sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə