Azərbaycan dünyada ilk mobil rezidentini təqdim edib

Azərbaycan dünyada ilk mobil rezidentini təqdim edib

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) ilə birgə "Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi"ni keçirib. SİA-nın verdiyi xəbərə görə, Konfransda dünyada ilk dəfə olaraq qeyri-rezidentə mobil imza – ASAN imza təqdim edən ikinci ölkə olub. Konfransda ticarətin rəqəmsallaşması, iştirakçı ölkələr arasında e-xidmətlərin sərhədlərarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub.

Konfransı giriş nitqi ilə açan İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı deyib ki, qlobal iqtisadiyyatın gələcəyini texnologiyanın insan həyatına nüfuzu, pulun təkamülü, sərvətlərin bölünməsi, yeni iqtisadi hərəkətverici mühərriklərin işə düşməsi, yaşıl iqtisadiyyat, insanların paylanma coğrafiyası və ticarət paradoksu kimi amillər müəyyənləşdirir: "Azərbaycan qlobal trendləri nəzərə alaraq dördüncü sənaye inqilabının ruhuna uyğun şəkildə rəqabətədavamlı iqtisadiyyat qurmalıdır. Dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı, ilk mobil rezidentlik və ikinci elektron rezidentliyin Azərbaycanda təqdim olunması ölkəmizin innovativ inkişafa verdiyi töhvələrdir".

Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri danışıb. O, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin tanınmasına dair Anlaşma Memarandumunu xatırladaraq bildirib ki, Azərbaycan bir çox aspektlər, o cümlədən texnoloji baxımdan qərblə şərqi birləşdirən məkandır.

Qeyd edək ki, qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin elektron və mobil Rezidentlik Prezident İlham Əliyevin 2007-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası"na əsasən təqdim edilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə