Azərbaycan-Almaniya iqtisadi əlaqələri nə vəd edir? RƏY-ÖZƏL

Azərbaycan-Almaniya iqtisadi əlaqələri nə vəd edir? RƏY-ÖZƏL

“Almaniya Kansleri Angela Merkelin Azərbaycan səfəri iqtisadi baxımdan çox əhəmiyyətli idi”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Ekspertin sözlərinə görə, xanım Merkelin səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıqla bağlı söylədikləri pozitiv fikirlər göstər ki, Azərbaycan Almaniya üçün regionda mühüm partnyordur: “Alman Kansleri çıxışında qeyd etdi ki, Almaniya Azərbaycanla istənilən sahədə əməkdaşlıq etməyə hazırdır. Bunun özü mühüm mesajdır və top artıq ölkəmizin tərəfindədir. Əgər belə davam etsə, növbəti dövrlərdə Azərbaycan bazarında alman investisiyasının həcminin genişlənməsi, ümumi siyasi və iqtisadi əlaqələrin tərəfdaş dinamikasının sürətlənməsini müşahidə edəcəyik”.

Almaniyanın ölkəmiz üçün potensial investisiya ölkələrindən biri hesab olunduğunu deyən R. Həsənov söyləyib ki, Azərbaycanda rəqabətli istehsalın qurulması nəzərdə tutulduğu bir dövrdə alman investorlarının təcrübəsi, alman texnologiyasının Azərbaycan gəlməsi növbəti dövrlərdə ölkə iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əhəmiyyətli məsələlərdəndir.

Onun sözlərinə görə, indiyədək Azərbaycana burada fəaliyyət göstərən 150 alman şirkəti tərəfindən 500 milyona qədər investisiya qoyulub: “Azərbaycan bazarı Almaniya üçün investisiya sahəsində əlverişli bazardır. 25 illik tarixə malik olan Azərbaycan iqtisadiyyatında kifayət qədər geniş fəaliyyət sferaları var ki, bu almanları cəlb edə bilər. Almaniya ilə Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi eyni zamanda ölkəmizin Avropa ilə əlaqələrinə də müsbət təsirini göstərə bilər. Bu baxımdan ölkəmizin siyasi iqtisadi potensialı nəzərə alınaraq alman biznesmenləri ölkəmizdə optimal fəaliyyəti mühiti əldə etmiş ola bilərlər. Bu da nəticə etibarı ilə Almaniyanın ölkəmizə investisiyasının artmasına və genişlənməsinə gətirib çıxaracaq”.

Bir neçə gündən sonra ölkəmizdə Azərbaycan-Almaniya III Biznes Forumunun keçiriləcəyini deyən ekspert əlavə edib ki, bu forum ölkəmizin tanıdılması, iqtisadi potensialımızın xarici investorların nəzərinə çatdırılması baxımından böyük əhəmiyyətə malik olacaq: “İnanıram ki, Azərbaycan bu forumda nailiyyətlər əldə etməklə yanaşı, xarici investisiya axının təmininə nail olacaq. Çünki, bu ölkəmiz üçün əhəmiyyətli məsələdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə