Hasilatın Pay Bölgüsü sazişi ratifikasiya olunub

Hasilatın Pay Bölgüsü sazişi ratifikasiya olunub

Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi–Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Statoil Azərbaycan Əşrəfi – Dan Ulduzu – Aypara” və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin qəbulu və təsdiq edilməsinə, həyata keçirilməsinə razılıq verilməsi barədə” qanun layihəsi təsdiq olunub. SİA-nın xəbərinə görə, layihə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında təsdiqlənib.

Qeyd edək ki, “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş bu il mayın 30-da SOCAR-la Norveçin "Equinor" (keçmiş “Statoil”) şirkəti arasında imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Equinor" qrupunun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıblar.

HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

“Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə