Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı: Cümhuriyyətimizin 100-cü ilində daha güclü, daha etibarlı

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı: Cümhuriyyətimizin 100-cü ilində daha güclü, daha etibarlı

Cavadxan QASIMOV,

İqtisad üzrə fəlsəfə doktoru, dosent

Bu günlər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ili tamam olur. Bu bir əsrlik tarix hər birimiz üçün qürurverici olmaqla, müstəqil Azərbaycan dövlətinin çox möhtəşəm inkişaf göstəricilərilə daha da zənginləşməkdədir. Müasir dünyanın hazırkı odlu-alovlu, müharibə və terror təhdidlərilə daha da sıxıntılı dövründə sabitlik adası kimi görünən Azərbaycan Respublikası beynəlxalq əhəmiyyəti artan təşəbbüslərin müəllifi kimi uğurlarının əhatəsini daha da genişləndirməkdədir.

Azərbaycan Respublikası milli iqtisadi quruculuq proseslərini inamla davam etdirməkdədir. Sosial münasibətlərin, ədalətin, rifahın hərəkətverici qüvvəsi olan bu proseslər istehsalın regional və milli mahiyyətini düzgün əlaqələndirməyi bacarmış və bu, makroiqtisadi zəmində çox böyük potensial təmin etmişdir. Nəticədə isə cəmiyyətin artan təlabatlarının qarşılanmasında etibarlı dayaqlar formalaşmışdır. Əldə edilən uğurlar fərdi və ictimai maraqların üstün tutulmasında, vətəndaş və xalq mənafeyinin qorunmasında, region və ölkə iqtisadiyyatının təminat gücünü artırılmasında yeni inkişaf mərhələlərinin açılmasını təmin etmişdir.

Əsasları xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin müdrik ideyaları ilə müəyyən edilən müasir iqtisadi siyasət ölkəmizin, eləcə də onun hər bir regionunun sürətli inkişaf dinamikası üçün güclü baza formalaşdırmış və ötən illərin iftixarından ibarət sosial-iqtisadi intibahın möhtəşəmlik salnaməsini yaratmışdır. Təbii ki, bununla da ölkəmizin milli iqtisadi inkişaf təminatındakı potensialı regionların istehsal çəkisinin artırılmasına imkanlar açmaqda, iqtisadi güc və sosial dayanıqlılıq məqsədlərinin hər zaman aktual olmasına zəmin yaratmaqdadır.

Bütün sahələrdə olduğu kimi, milli iqtisadi quruculuq proseslərində də hər zaman söz sahibi olan Naxçıvan Muxtar Respublikası ölkəmizin müasir inkişaf tarixinin ən parlaq səhifələrini yazmaqdadır. Ali Məclisinin Sədri tərəfindən böyük uzaqgörənliklə həyata keçirilən tədbirlər iqtisadiyyatın məhsuldar idarə olunmasına təkan verməkdədir. Təbiidir ki, bunlar muxtar respublika iqtisadiyyatında yüksək artım dinamikasını təmin etməklə, cümhuriyyətimizin 100-cü ilinə ən böyük töhfədir. Xüsusən, güclü idarəetmə təcrübəsi əsasında qəbul edilən və uğurlarla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları muxtar respublikanın da mövcud potensialına yeni güc qatmışdır. Nəticədə isə, hədəflənən səmərəlilik həmin Proqramların icrasının elə birinci mərhələsindən özünü göstərməkdədir. Beləki, müqayisəmizi son on illik müddətin inkişaf göstəriciləri əsasında aparsaq görərik ki, muxtar respublikada əsas makroiqtisadi göstəricilərin artım dinamikası aşağıdakı kimi olmuşdur:

Naxçıvan Muxtar Respublikasında 2007-2017-ci illərdə əsas makroiqtisadi göstəricilərin artım dinamikası (dəfə)

Daha çox milli iqtisadi quruculuq proseslərindəki fəal iştirakı ilə müasir iqtisadi şəraitin aktual məsələlərini diqqətdə saxlayan muxtar respublikada sakinlərin yaşayış səviyyəsi, onların məşğulluğu və icra olunan sosial proqramlarda təmsil olunması diqqətdə saxlanılmışdır. Elə bunun nəticəsidir ki, əhali məşğulluğunun təmin olunması daima prioritet olmuş, təkcə 2007-ci ildən 1 yanvar 2018-ci ilədək muxtar respublikada 46 min 717 yeni iş yeri açılmışdır. Bu sahədəki proseslərin uzunmüddətliliyi və arasıkəsilməzliyinə önəm verilərək həmin göstəricinin də 84,7 faizinin daimi iş yerlərindən ibarət olunması təmin edilmişdir.

Ötən 2017-ci il tarixə qovuşmaqla, ölkəmizin və onun regionlarının həyatında yüksək sosial-iqtisadi inkişaf göstəriciləri ilə yadda qaldı. Əsas məqsəd ondan ibarət idi ki, makroiqtisadi hədəflərə istiqamətlənən tədbirlər öz səmərəli nəticələrini versin və bu, qarşıdakı dövrlər (illər) üçün də davamlı inkişaf üçün başlanğıc olsun. Bu mənada qeyd edə bilərik ki, ötən ildə də muxtar respublika iqtisadiyyatı üçün pozitiv nəticələr əldə edilmiş və strateji məqsədlər üçün olduqca səmərəli olmuşdur. Diqqət edərkən aydın olur ki, 2017-ci ildə əsas makroiqtisadi göstərici olan Ümum Daxili Məhsulun (ÜDM) həcmi 2016-cı ilin müvafiq göstəricisindən 1,5 faiz çox olmaqla, 2 milyard 701 milyon manatdan artıq təşkil etmişdir. Təbii ki, bu da milli iqtisadiyyat quruculuğu proseslərini daha da sürətləndirmişdir. Bu göstəricinin 2014-cü (2 milyard 391 milyon manat) və 2016-cı (2 milyard 582 milyon 361 min 400 manat) illər üzrə təşəkkülü isə onun yaxın bir neçə ildən sonra 3 milyard manatı ötəcəyini deməyə əsas verir.

Naxçıvan Muxtar Respublikasında müxtəlif illərdə ÜDM-nin artım dinamikası (min manat)

Makroiqtisadi proseslərin düzgün istiqamətləndirilməsinin, regional siyasətin səmərəli təşkilinin, sosial dayanıqlığın gücləndirilməsinin ifadəsi olan bu nəticələr keçid etdiyimiz 2018-ci ildə də öz pozitivliyi ilə davam etməkdədir. Belə ki, cari ilin yanvar-aprel aylarında muxtar respublikada 711 milyon 398 min 700 manatlıq ÜDM istehsal edilmişdir ki, bu da qətiyyətli idarəetmə və stimullaşdırıcı amillər hesabına mümkün olmuşdur.

Naxçıvan Muxtar Respublikasının yeni inkişaf mərhələsi başlatdığı sahələrdən biri də 2009-cu ildən müsbət saldo ilə yaradıcı təşəbbüslərə yol açan Xarici Ticarət Dövriyyəsinin həcminin artması ilə ifadə oluna bilər. Bu, onu göstərir ki, muxtar respublikada iqtisadi resurslar düzgün idarə edilir, onun perspektivliyi və məhsuldarlığı daim diqqətdədir, həmçinin bu, makro və meqaiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Həm də blokada vəziyyətinin neqativ təsirlərini sıfıra endirən bu amillər ölkənin uzaqgələcək üzrə müəyyən etdiyi hədəflərə ciddi təkan verməkdədir.

Naxçıvan Muxtar Respublikasında Xarici Ticarət Dövriyyəsinin strukturu (min ABŞ dolları)

Göründüyü kimi, muxtar respublikada 2009-2017-ci illər ərzində Xarici Ticarət Dövriyyəsinin həcmi 2 dəfədən çox artmışdır. Bu dinamika ixrac əməliyyatlarında 4 dəfəyə yaxın olmuşdur. İstinad edilən dövrdə səmərəlilik göstərcisi olaraq idxalın həcmi isə 3 dəfə azalmışdır. Daxili təlabatın ödənilməsində yerli məhsulların istehsalının dəstəklənməsi öz növbəsində ixracyönümlü məhsul istehsalını stimullaşdırmışdır. Təbii ki, əsas məqsəd idxalın məhdudlaşdırılması ilə müşayiət edilməklə, ixrac səviyyəsinin artması və nəticə etibarı ilə müsbət saldonun yaradılmasından ibarətdir. Bəhs edilən dövrdə müsbət saldo 85 dəfədən çox artmışdır.

2018-ci ilin yanvar-aprel aylarında da muxtar respublika bu sahə üzrə artım dinamikasını davam etdirmiş və 108 milyon 711 min 600 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi formalaşmışdır. Müəyyən edilən hədəflər üstün tutularaq idxalın məhdudlaşdırılması, bununla da ixracın həm stimullaşdırılması, həm də bu sahədəki təşəbbüslərin dəstəklənməsi diqqətdə saxlanılmışdır. Nəticədə isə 98 milyon 117 min 200 ABŞ dolları həcmində ixrac əməliyyatları aparılmışdır. İdxalın həcmi isə 10 milyon 594 min 400 ABŞ dolları təşkil etmişdir. Təbii ki, bütün bunlar milli iqtisadi prioritetlərə hesablanmaqla, muxtar respublikanın uğurlu xarici ticarət perspektivlərini daha da artırmaqdadır. Elə məhz bəhs edilən dövrdə 87 milyon 522 min 800 ABŞ dolları dəyərində müsbət saldonun yaradılması da fikrimizi təsdiq etməkdədir.

Naxçıvan Muxtar Respublikası bütün bu uğurlarla bir daha onu göstərir ki, Azərbaycan Respublikası:

- doğru hədəf və prioritetlər müəyyən etməkdədir və bu sahədə qətiyyətlidir;

- regionların sosial-iqtisadi inkişafının təmin edilməsində böyük təcrübəyə malikdir;

- gerçəkləşdirdiyi Dövlət Proqramları, Strategiyalar, Konsepsiyalar və digər hüquqi-iqtisadi tənzimləmə vasitələri artıq öz səmərəli nəticələrini verməkdədir;

- 2019-2023-cü illəri əhatə edəcək növbəti beşillik Dövlət Proqramına zəmin yaranır və orada daha yeni, daha mütərəqqi məqsədlər yer alacaqdır;

- cümhuriyyətimizin 100-cü ilində uzaq gələcək üçün güclü potensiala və davamlı perspektivlərə malik hədəflər müəyyən etməkdədir və s.

Beləliklə, bu uğurlar Cümhuriyyətimizin 100-cü ilində daha güclü və daha etibarlı iqtisadiyyat quran Naxçıvan Muxtar Respublikasını ölkəmizin milli iqtisadi inkişafı üçün olduqca güvənilir etmişdir. Təbii ki, ölkəmizdə milli iqtisadiyyatın gələcək inkişafı sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın həmişəyaşar inkişaf mənzərəsinə çevrilməkdədir. Sosial-iqtisadi inkişafın ən müasir mənzərəsini formalaşdıran bu qəhrəman diyar çox uğurlara imza atacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə