Çantada güclü təsir edən dərman preparatı aşkarlanıb

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı İbrahimov Emil Abdurəşid oğlu gömrük nəzarətindən keçərkən, əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük qanunvericiliyinin tələbinə əsasən, gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. E. İbrahimov əl çantasını "X-Ray" aparatına qoyub, gömrük nəzarətindən keçərkən, çantasında olan təsvirlər və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müvafiq qanunvericiliyə uyğun saxlanılıb və çantasına təkrar yoxlama keçirilib. Yoxlama zamanı sərnişinə məxsus qara rəngli əl çantasında olan ağ rəngli sellofan paketin içindən 3 ədəd üzərində "LYRICA Pfızer Pregabalin 300mg kapsül" sözləri yazılmış qutuda cəmi 168 ədəd kapsullar aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq arayışına əsasən təqdim olunmuş "Lyrica Preqabalin 300 mg" yazısı olan 168 ədəd ağ/qəhvəyi rəngli kapsulda ağ rəngli maddə dərman preparatı-Preqabalindir. Ümumi sayı 168 ədəd olan kapsulda (bir kapsulda 300mg) –təsiredici maddənin ümumi miqdarı 50,4 qram təşkil edir.

Xatırladaq ki, preqabalin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının" siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə