Arif Vəliyev: “Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti bahalaşıb"

Arif Vəliyev: “Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti bahalaşıb"

Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz bahalaşıb, xidmət tarifləri isə 0,9 faiz ucuzlaşıb. SİA-nın xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2010-cu ilin yanvar-sentyabr aylarında ölkənin statistik göstəriciləri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, ilin əvvəlindən ötən vaxt ərzində 2009-cu ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 5,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,0 faiz, xidmət tarifləri 5,8 faiz bahalaşıb.

 

Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-avqust aylarında dövlət büdcəsinə 6,7 milyard manat məbləğində vəsait daxil olduğunu bildirən Komitə sədri bildirib ki, səkkiz ay ərzində dövlət büdcəsindən 6,0 milyard manat vəsait xərclənib, 664,4 milyon manat məbləğində, yaxud ÜDM-in 2,5 faizi qədər profisit yaranıb: " Büdcə xərclərinin 2,3 milyard manatı və ya 38,8 faizi iqtisadiyyatın inkişafına, 715,8 milyon manatı (11,8 faizi) təhsilə və 807,7 milyon manatı (13,4 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına yönəldilib. Ümumiyyətlə, büdcə xərclərinin 32,0 faizi və ya 1,9 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunub".

 

Dövlət Statistika Komitəsinin sədri deyib ki, eyni zamanda səkkiz ay ərzində xarici ölkələrə 14,0 milyard dollarlıq mal göndərilib, onun 90,7 faizi və ya 12,7 milyard dollarlığı uzaq xarici dövlətlərə, 1,3 milyard dollarlığı və ya 9,3 faizi MDB üzvü ölkələrinə göndərilib: "Ölkəyə idxal olunmuş məhsulların dəyəri 4,0 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 2,7 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1,3 milyard dollar olub. Səkkiz ay ərzində 9926,3 milyon dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9874,7 milyon dollarlıq, MDB üzvü dövlətləri ilə 51,6 milyon dollarlıq müsbət saldo yaranıb".

 

Yanvar-avqust aylarında ölkəyə 19,9 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olduğunu deyən A. Vəliyev bildirib ki, əhalinin banklardakı əmanətlərinin məbləği sentyabr ayının 1-nə 2,7 milyard manata çataraq 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb: "Milli valyuta ilə vəsait qoyuluşu 1187,0 milyon manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1533,8 miyon manat olub. Ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 15,2 faiz çox və ya 8,8 milyard manat məbləğində kredit yönəldilib. Kreditlərin 2,5 milyard manatı qısa müddətə, 6,3 milyard manatı isə uzun müddətə verilmiş, 4,8 faizinin, yaxud 423,7 milyon manatının ödəmə vaxtı keçib".

Bütün xəbərlər Facebook səhifəmizdə