Dövlət Statistika Komitəsinin sədri: “Doqquz ay ərzində tikinti sektoruna 6,2 milyard manat vəsait xərclənib”
Doqquz ay ərzində bütün maliyyə mənbələrindən tikinti kompleksində 6,2 milyard manat məbləğində vəsaitdən istifadə olunub. İstifadə edilən vəsaitin 4,8 milyard manatını və ya 77,3 faizini daxili vəsaitlər, 1,4 milyard manatını xarici mənbələrdən ayrılmış vəsaitlər təşkil edib. SİA-nın xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2010-cu ilin yanvar-sentyabr aylarında ölkənin statistik göstəriciləri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən illə müqayisədə əsas kapitala yönəldilən vəsait 15,2 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 6,6 faiz artıb. O, qeyd edib ki, ilin əvvəlindən keçən vaxt ərzində ümumi sahəsi 1075,2 min kv.metr yaşayış evləri, 9590 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 140 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 155 çarpayılıq xəstəxana, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Olimpiya İdman kompleksləri, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilib.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərin tikintisinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulan 3549,0 milyon manat vəsaitin 1957,5 milyon manatından istifadə olunduğunu bildirən Arif Vəliyev nəqliyyat sferasında olan statistik göstəricilərədə toxunub. Komitə sədri deyib ki, nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 145,8 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz çox yük, 1,0 milyard nəfər və ya 3,7 faiz çox sərnişin daşınıb: "Yük daşınması avtomobil nəqliyyatı ilə 6,2 faiz, dəmir yolu nəqliyyatı ilə 6,0 faiz, boru kəmərləri ilə nəqletmə 0,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7,6 faiz artıb".
2010-cu ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz artaraq 2016,2 manata çatdığını deyən A. Vəliyev qazanılan gəlirlərin 70,0 faizini orta hesabla hər bir şəxs son istehlaka, 9,2 faizini vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 19,1 faizini əmanətlərin və kapitalın artırılmasına sərf etdiyini bildirib: "Vergiləri və üzvlük haqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 1830,2 manat qalıb və müqayisə edilən dövrdə 10,7 faiz artıb. Yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2009-cu ilin yanvar-sentyabr aylarına nisbətən 6,6 faiz artaraq 319,1 manat olub".
Eyni zamanda Dövlət Statistika Komitəsinin sədri əmtəə dövriyyəsi və pullu xidmət sahəsi haqqında danışıb: "İlin əvvəlindən keçən vaxt ərzində əhaliyə 12,9 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz artaraq 9,6 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz artaraq 3,3 milyard manata bərabər olub. Əhalinin istehlak bazarından aldığı əmtəənin 65,0 faizini və ya 6,2 milyard manatını ərzaq məhsulları, 35,0 faizini (3,4 milyard manatını) qeyri-ərzaq malları təşkil edib. Xarici ticarət. 2010-cu ilin yanvar-avqust aylarında dünyanın 139 ölkəsi ilə 18,0 milyard dollar məbləğində ticarət əməliyyatları aparılıb, onun 85,8 faizi və ya 15,4 milyard dolları uzaq xarici ölkələrlə, 2,6 milyard dolları MDB üzvü dövlətləri ilə həyata keçirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB