Bankların verilmiş kreditlərdən gəliri azalıb

Bankların verilmiş kreditlərdən gəliri azalıb

Azərbaycan banklarının müştərilərə verilmiş kreditlərdən gəliri azalıb.

SİA Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2016-cı ildə bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 702 milyon manat ikən, 2017-ci ildə 1 milyard 283 milyon manat təşkil edib. Faiz gəlirləri 419 milyon manat və ya təxminən 25% azalıb.

Bankların faiz xərcləri 1 milyard 80 milyon manatdan 825 milyon manata düşüb.

Bankların cəlb etdikləri depozitlərə görə ödədikləri faizlər ötən il 89 milyon manat azalıb. Əgər 2016-cı ildə banklar depozitlər üzrə 462 milyon manat faiz ödəmişdirlərsə, 2017-ci ildə bu məbləğ 373 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən il bankların müştərilərə verdiyi kreditlər 4 milyard 601 milyon manat azalıb. Müştərilərə verilmiş kreditlər 2016-cı ilin sonunda 15 milyard 938 milyon manat ikən, 2017-ci ilin sonunda 11 milyard 338 milyon manat təşkil edib. Devalvasiyadan sonra 2015-ci ilin Martında bankların müştərilərə verdiyi kreditlərin məbləği 20 milyard manatı keçmişdi.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə