Qırğızıstan Azərbaycanın üzüm və şərab istehsalı ilə məşğul olan şirkətlərinin təcrübəsini öyrənmək istəyir

Qırğızıstan Azərbaycanın üzüm və şərab istehsalı ilə məşğul olan şirkətlərinin təcrübəsini öyrənmək istəyir

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qırğız Respublikası Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya Nazirliyinin idarə rəisi Ağamat Canibekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə məqsəd aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə etmək olub.

Nazir müavini İlham Quliyev qonaqlara Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, o cümlədən pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çayçılıq, xüsusən də üzümçülüyə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Azərbaycanda üzümçülük hələ qədim zamanlardan bəri kənd təsərrüfatı sahələri arasında xüsusi çəkiyə malik olmaqla, geniş sənaye xarakteri daşımışdır. Bu gün də üzümçülük ölkədə kənd təsərrüfatının prioritet sahələrdən biri sayılır. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başlayıb. Son illərdə bir sıra regionlarda geniş sahələrdə yeni üzüm plantasiyaları salınıb.

İlham Quliyev Qırğızıstan ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin dərinləşdirilməsinin məqsədəuyğun olduğunu deyib. O, qırğız iş adamlarını hər il ölkəmizdə keçirilən ənənəvi kənd təsərrüfatı sərgisinə dəvət edib.

Ağamat Canibekoviç ölkəsinin Azərbaycanın üzüm və şərab istehsalı ilə məşğul olan şirkətlərinin təcrübəsindən yararlanmaq istədiyini deyib. O, alkoqol bazarının dövlət tərəfindən tənzimlənməsi və nəzarəti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsi, həmçinin alkoqollu məhsulların istehsalçıları assosiasiyaları və birliklərinin nümayəndələri ilə təmasların qurulması, o cümlədən Azərbaycanın alkoqollu məhsulların ixracı sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Qonaqlar Azərbaycanın alkoqollu məhsullar istehsal edən qabaqcıl şirkətlərinin işi ilə tanış olmaq məqsədilə Şəmkir Şərab İstehsalı Zavoduna səfər etmək istədiklərini bildiriblər.

Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə