"Azərbaycan regionda aparıcı rola malikdir" AÇIQLAMA

"Azərbaycan regionda aparıcı rola malikdir" AÇIQLAMA

"Qonşu ölkələr arasında dostluq münasibətlərinin olması regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında çox önəmlidir. Azərbaycanın Ermənistan istisna olunmaqla bütün qonşuları ilə möhkəm dostluq və mehriban qonşuluq əlaqələri var". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Tehranda Rusiya, Azərbaycan və İranın dövlət başçılarının arasında baş tutan üçtərəfli görüşün kökündə ölkələrimiz arasındakı mehriban qonşuluq münasibətlər və dostluq əlaqələri dayanır: "Bu, reginonda təhlükəsiz mühitin qorunub saxlanılmasına, həm də ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına xidmət edir. Azərbaycan beynəlxalq nəqliyyat layihələrini həyata keçirir. Şimal-Cənub dəhlizi reallaşarsa, bu nəqliyyat layihəsi məhz İran, Azərbaycan və Rusiya ərazisindən keçəcək. Yəni, şimal–cənub nəqliyyat dəhlizi Azərbaycanın Rusiya və İranla iqtisadi əlaqələrin inkişaf etməsinə xidmət edən bir layihə olacaq. Dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən bu dəhliz çoxfunksiyalıdır (miltimodelyar). Hazırda əsas diqqət Qəzvin-Rəşt Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilişi üzərinə yönəldilib. Əlbəttə bu, çox mühüm layihədir. Lakin bu dəhliz yalnız dəmir yolundan ibarət deyil. ŞCBND-nin strukturuna avtomobil və dəniz yolları da daxildir ki, bunlar da Azərbaycandan keçməklə reallaşacaq və yüklərin tranzit keçidini təmin edəcək. Hər üç istiqamətdə Azərbaycan aparıcı rola malikdir".

Qeyd edək ki, dəhliz 3 böyük su hövzəsini birləşdirmək imkanına malikdir. Hindistanın Mumbai limanından Avropa istiqamətinə daşınan yüklər Xəzər dənizinə və Qara dənizin Rusiya və Gürcüstan limanlarına daşına bilər. Yəni yüklər yalnız Rusiyaya deyil Gürcüstana, oradan isə Türkiyə və Şərqi Avropaya daşına bilər. Bunun üçün İranın və Azərbaycanın Xəzər sahilində lazımi infrastruktur mövcuddur. İranın Ənzəli limanı ilə Bakının Beynəlxalq Ticarət Limanı arasında gəmilər sərbəst şəkildə üzə bilər. Bundan başqa Ənzəlidən çıxan gəmilər Azərbaycanın ərazi sularından keçməklə Rusiyanın Həştərxan limanına rahat keçmək imkanına malikdir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə