“Azərikimya” payız-qış mövsümünə hazırlıq görür

“Azərikimya” payız-qış mövsümünə hazırlıq görür
"Azərikimya" İstehsalat Birliyinin müəssisələrində payız-qış mövsümünün başlanması ilə əlaqədar təmir işləri son günlər daha intensiv xarakter alıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilk növbədə texnoloji proseslərin normal gedişinə əngəl törədən və təmirə ciddi ehtiyacı olan sahələr üzrə təxirəsalınmaz işlər görülür. Hazırda birliyin Etilen-polietilen zavodundakı elektrik avadanlıqlarının mühafizəsinə nəzarət gücləndirilib.

Gözlənilməz elektrik qapanmaları nəticəsində baş verə biləcək texniki qəzaların qarşısını almaq məqsədilə müəssisəni elektrik enerjisi ilə təmin edən yarımstansiyaların dam örtükləri bütünlüklə dəyişdirilərək metal və yumşaq təbəqə ilə örtülüb. Müəssisənin fəhlə yeməkxanasının, məişət və anbar təsərrüfatı binalarının, yanğınsöndürmə idarəsinin yararsız dam örtükləri də yenidən qurulub.

"Polimir-120" istehsal sahəsinə aid olan yarımstansiyada, akkumlyator stansiyasında, kompressor zalında da dam örtüklərinin təmir-bərpa işlərinə başlanılıb. Həmin istehsal sahəsinin mərkəzi idarəetmə pultunun yerləşdiyi binanın yararsız vəziyyətə düşmüş dam örtüyü dəyişdirilib. Hazır məhsul anbarının sıradan çıxmış dam örtüyünün yenidən qurulmasına da başlanılıb. Payız-qış mövsümünə hazırlıq çərçivəsində İB-nin Etilen-polietilen zavodunun və Təmir-tikinti idarəsinin inzibati binalarında aparılan əsaslı təmir işləri son tamamlanma mərhələsindədir. Belə ki, bu binaların dam örtükləri təzələnib, həyət və ətraf əraziləri abadlaşdırılıb. Hazırda Birliyin Mexaniki-təmir zavodunun inzibati binasında da analoji işlər aparılır. Bütün bunlarla yanaşı, açıq havada işləyənlər üçün isti qış geyimlərinin sifariş edilməsi, onlara normal iş şəraitinin yaradılması da "Azərikimya" İB-nin diqqət mərkəzində olan məsələlərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə