Bakı Biznes Tədris Mərkəzi müsabiqə elan edir

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində və Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, qadın iştirakçılardan ibarət biznes inkubator qrupunun seçilməsinin başlıca məqsədi Aran və Quba-Xaçmaz iqtisadi rayonunda yaşayan təşəbbüskar qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsindən, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, qadın sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.

Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan təşəbbüskar qadınlara, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılmasını və onlara aşağıdakı xidmətlərin göstərilməsini təmin etməkdən ibarətdir:

  • Biznes inkubator iştirakçılarının sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə sistemli və davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi;
  • təsis sənədlərinin hazırlanmasında və sahibkarlıq subyekti kimi qeydiyyatında köməkliyin göstərilməsi;
  • investisiya layihələrinin, biznes planların hazırlanmasında metodiki köməkliyin göstərilməsi;
  • vergi, mühasibat uçotu, hüquqi yardım, sahibkarlığın inkişafı və s. sahələr üzrə sistemli və davamlı konsaltinq və informasiya xidmətlərinin göstərilməsi;
  • marketinq fəaliyyətinin, həmçinin sərgilərin təşkili və keçirilməsində metodiki köməkliyin göstərilməsi;
  • investorların axtarılmasında və potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında köməkliyin göstərilməsi;
  • inzibati və hüquqi məsələlərin həllində köməkliyin göstərilməsi;
  • informasiya resurslarına çıxışın təmin edilməsi;
  • elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma və istifadə imkanlarının yaradılması və s.

Müsabiqənin təşkilinin məqsədi namizədlər arasında biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.

Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcək.

Müsabiqədə Aran və Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidir:

  • müsabiqədə iştirak etmək haqqında ərizə;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin surəti (mövcud olduğu halda);
  • əmək kitabçasının surəti (mövcud olduğu halda);
  • fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata alınmasına dair şəhadətnamənin surəti (mövcud olduğu halda);
  • biznes plan və ya biznes ideyanın təsviri.

Sənədlər müsabiqə haqqında rəsmi elan dərc edildiyi gündən 1 ay müddətində qəbul olunur.

Sənədlər Bakı Biznes Tədris Mərkəzinin Aran və Xaçmaz nümayəndəliyində qəbul ediləcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə