Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimi keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov layihənin məqsədinin Azərbaycanda keyfiyyət infrastrukturu sahələrindən biri olan akkreditasiyanın inkişafına nail olmaqla ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının yüksəldilməsi və məhsulların ixrac qabiliyyətinin genişləndirilməsi olduğunu bildirib. Komitə sədri qeyd edib ki, bu istiqamətdə prezident İlham Əliyev tərəfindən qarşıya bir sıra vəzifələr qoyulub: “Bunlar əsasən ticarətdə texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. İndiyə qədər 3 Tvinninq layihəsini uğurla icra etməklə keyfiyyət infrastrukturu sahələrini tənzimləyən qanunvericilik aktları beynəlxalq təcrübəyə uyğunlaşdırılıb, milli etalon bazası formalaşıb, sistem xarakterli islahatlar həyata keçirilib.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Jeron Villems təmsil etdiyi təşkilatla ölkəmizin əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən J.Villems akkreditasiya sahəsinin inkişafında Tvinninq layihəsinin rolunu da vurğulayıb.
Latviyanın Azərbaycandakı səfiri Juris Maklakovs bu layihəni həyata keçirərkən şirkətlərin seçmə prosesində iştirak etdiyini bildirib. Bu önəmli layihənin həyata keçirilməsində iştirak edən dövlətlərin şirkətləri icra prosesində iştirakı və fəaliyyəti vacibdir: "Avropa İttifaqında təmsil olunan ölkələrin bu layihə də iştirakı böyük addımdır. Akkreditasiyanın həyata keçirilməsi iqtisadiyyatın şaxələndirilməsinə kömək edecək. Bu layihə həmçinin Azərbaycan Latviya münasibətlərinin iqtisadi cəhətden inkişafı və təkmiləşdirilməsinə gətirib çıxaracaq. Bununla da Azərbaycan və Latviya yeni iqtisadi münasibətlərə və mərhələyə qədəm qoyacaq. 2 il müddətinə icra olunacaq layihənin əsas məqsədi akkreditasiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq, akkreditasiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir".
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab, İtaliyanın Azərbaycandakı səfiri Kampaolo Kutillo, Latviyanın Azərbaycandakı səfiri Juris Maklakovs, Almaniyanın İqtisadi Məsələlər və Energetika Nazirliyinin rəsmisi Norbert Şults, Almaniya Akkreditasiya Təşkilatının (DAkkS) icraçı direktoru Stefan Finki, İtaliya Akkreditasiya Təşkilatının (ACCREDIA) baş direktoru Flippo Trifiletti, Latviya Akkreditasiya Bürosunun (LATAK) rəhbəri Olqa Veylande və digər müvafiq qurumların rəhbər şəxsləri layihənin əhəmiyyətini vurğulayıb, Azərbaycanla əməkdaşlıqdan razılıq ifadə ediblər. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya üzrə Aİ siyasəti və beynəlxalq əməkdaşlıq haqqında təcrübə haqqında da çıxışlar olub.
Qeyd edək ki, Aİ və SMPDK-nın birgə icrasına başladıqları Tvinninq layihəsi Almaniya, İtaliya və Latviya kimi qabaqcıl keyfiyyət infrastrukturu olan ölkələrin təcrübəsindən bəhrələnməklə icra olunacaq. 2 il müddətinə icra olunacaq layihənin əsas məqsədi akkreditasiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq, akkreditasiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB