Bu ilin avqust ayı istehsal 24 milyon kilovatsaatdan çox olub

Respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının daha dolğun şəkildə təmin olunmasında "Xaçmaz Elektrik Stansiyası"ndan (ES) sonra "Şahdağ" ES-in tikilərək istismara verilməsi böyük əhəmiyyət kəsb edir. "Azərenerji" ASC-nin Mətbuat xidmətin SİA-ya verilən məlumata görə, cari ilin avqust ayı üçün müəssisədə elektrik enerjisi istehsalı 23 milyon kilovatsaat proqnozlaşdırıldığı halda, faktiki istehsal 24 milyon kilovatsaatdan çox olub. Ümumilikdə stansiya işə buraxıldığı dövr ərzində 199 milyon kilovatsaatdan artıq istehsala nail olunub.

Qeyd edək ki, payız-qış mövsümü üçün nəzərdə tutulan tədbirlər planı əsasən yekunlaşıb. Görülən işlərə nümunə kimi stansiyada istifadə olunmuş yağın yığıldığı çənlərdən xaric edilməsi üçün nasosların quraşdırılması, 1 saylı artezian quyusunun müxtəlif səbəblərdən yararsız vəziyyətə düşmüş borularının yeniləri ilə əvəzlənməsi göstərilə bilər. Su nasosxanasının torpaq ilə kipləşdirilməsi də görülmüş işlər sırasındadır. O cümlədən, istismar edilən 12 aqreqatın hər biri normal rejimdə fəaliyyət göstərir. Artıq onlardan 7 ədədində növbəti texniki qulluq işləri həyata keçirilib. Mühərriklərin yağı tam dəyişdirilib. Daha 3 aqreqatda da analoji tədbirlər reallaşdırılacaqdır.

Həmçinin, 2010-2011-ci illər üçün nəzərdə tutulmuş cari təmir işləri də yerinə yetirilib. Güc transformatorları və onların avadanlıqları, həmçinin hava xətləri cari təmir edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə