Tütünçülüyün inkişafı Azərbaycana nə vəd edir? ŞƏRH

Tütünçülüyün inkişafı Azərbaycana nə vəd edir? ŞƏRH

“2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafında aqrar sektor prioritet istiqamətə çevrilib. Rəsmi olaraq qəbul edilib ki, artıq ölkəmizdə ənənəvi sahələri inkişaf etdirmək lazımdır. Çünki, ölkəmizin iqtisadi keçmişi var və burada ənənəvi inkişaf etmiş sahələr olub ki, müxtəlif səbəblərə həmin sahələr zəifləyib. Bunlardan biri də tütünçülükdür ki, hazırda həmin sahənin inkişaf etdirilməsi üçün həm torpaq ehtiyatı, həm təcrübə, həm də bazar - yəni tələbat var”. Bu fikirləri SİA-ya iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı ilə bağlı fikirlərini bildirərkən deyib.

"İl ərzində təxminən Azərbaycana 145-150 milyon ABŞ dolları dəyərində tütün məhsulları idxal edilir"

Azərbaycanda tütün istehsal edən şirkətlərin olduğunu deyən ekspert bildirib ki, lakin bu şirkətlər qeyd edilən məhsulların çoxunu xaricdən idxal edirlər: “Statistikaya nəzərə saldıqda görərik ki, il ərzində təxminən Azərbaycana 145-150 milyon ABŞ dolları dəyərində tütün məhsulları idxal edilir. Bu, xüsusilə siqaret istehsalında ehtiyac olan xammal xarakterli məhsullardır. Daxili bazarda alıcılıq imkanlarının olmasından istifadə edərək Azərbaycanda aqrar sahənin məhz tütünçülük istiqamətinin inkişaf etdirilməsi məqsədəuyğun və müsbət tendensiyalardan biridir”.

"Tütünçülükdə tədarüklə bağlı problem var idi"

R. Həsənov bildirib ki, bu sahənin inkişafı ilə bağlı müxtəlif problemlər var idi ki, onlardan da biri tədarüklə bağlı idi: “Sözügedən problem şirkətlərin daha aşağı qiymətə məhsul alıb, tədarük etməsinə səbəb olurdu ki, bu da nəticə etibarı ilə sahibkarlar üçün səmərəli olmadığından təsərrüfat subyektlərinin bu sahəyə marağının azalmasına gətirib çıxarırdı. Bundan başqa tütünçülüyün inkişafında maliyyə çatışmazlığı, sığortanın zəif inkişafı və digər problemlər var idi ki, hazırda bu problemlərin aradan qaldırılması nəticə etibarı ilə Azərbaycanda bu istiqamətdə müəyyən inkişafın əldə olunmasına gətirib çıxara bilər”.

"Daha təkmil mexanizmlərin hazırlanmasına ehtiyac yaranacaq"

İqtisadçı-ekspert qeyd edib ki, tütünçülüyün inkişafı ilə bağlı əsas məqamlardan biri dövlət başçısı tərəfindən təsdiqlənən Dövlət Proqramının icrası zamanı proseslərin inkişafına bir başa nəzarətin olmasıdır: “Dövlət proqramlarının, qanunların mövcudluğu, subsidiya mexanizmlərinin tətbiq edilməsi müsbət haldır. Lakin onların icrası əsas məsələdir. Ümid edirik ki, növbəti dövrdə bu proqramların icrası ilə bağlı daha təkmil mexanizmlərin hazırlanmasına ehtiyac yaranacaq. Misal üçün aqrar sektorda əvvəlki dövrlərdə subsidiyalaşma sahəyə görə gedirdisə, artıq son 2 ildə yeni subsidiya mexanizmləri məhsula tətbiq edilir. Bunun özü müsbət haldır və məhsuldarlığın artırılması, prosesin effektivliyi, intensiv təsərrüfatçılığın inkişaf etdirilməsi əsas məqamlarından biridir. Bu mexanizmlərin tütünçülük, baramaçılıq, ipəkçilik sahələrinə tətbiqinin müsbət nəticələri ola bilər”.

"Tütünçülük əsasən Qərb rayonlarında inkişaf etdiriləcək"

Ekspert vurğulayıb ki, əvvəllər Azərbaycanda tütünçülük daha çox Qax, Zaqatala, Balakən bölgələrində inkişaf etsə də, sovet dövründə ölkənin bütün rayonlarında dövrü olaraq tütünçülük olub: “Hətta ən quraq bölgələrindən olan Culfa rayonunun özündə belə tütün əkini həyata keçirilib. Lakin hazırda söhbət planlı deyil, effektiv təsərrüfatçılıqdan, mənfəətdən gedir. Belə olan təqdirdə, Azərbaycanda hazırda bu istiqamətdə yararlı torpaqlarını üzə çıxarılmasına və müəyyən qədər səmərəsiz hala düşmüş torpaqların yararlı hala gətirilməsinə ehtiyac var. Düşünürəm ki, tütünçülük növbəti dövrdə də əsasən Qərb rayonlarında inkişaf etdiriləcək. İlkin mərhələdə Qax, Zaqatala Balakən, daha sonra isə digər Aran rayonlarına doğru müəyyən irəliləyişlər görəcəyik”.

"Məhsullarımızın ixrac imkanlarını aktivləşdirməyə ehtiyac var"

Azərbaycanda istehsal edilən məhsullarının digər ölkələrə ixracı ilə bağlı imkanların olduğunu deyən R. Həsənov əlavə edib ki, bu imkanları üzə çıxarıb, aktivləşdirməyə ehtiyac var: “Bu, növbəti dövrdə həm məhsulluğa, həm aqrar sektordan gəlir əldə edilməsinə müsbət təsir etməklə yanaşı, həm də ölkədən valyuta axınının qarşısını ala bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə