Sərhədyanı kəndlər fasiləsiz enerji ilə təmin edilir

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qazax, rayonun elektrik enerjisi ilə təchizatı 18 yarımstansiya vasitəsilə həyata keçirilir. Bunlardan ikisi ədədi 110 kilovoltluq, qalanı isə 35/10, 35/6 və 35/0,4 kilovoltluq yarımstansiyalardır. Daha bir 110 kilovoltluq yarımstansiya isə işğal altında qalan ərazilərdə olduğundan, onun vasitəsilə heç bir əməliyyatın aparılması mümkün deyil. Mənbəyə istinadən qeyd edək ki, bunlardan başqa iki kənd dəmir yoluna xidmət göstərən "Dartıcı" və "Qazkompressor" yarımstansiyalarından elektrik enerjisi ilə qidalanır. Yeri gəlmişkən, müəssisənin balans mənsubiyyətinə aıd olan 10 kV-lik xətlərin uzunluğu 270 kilometrdən, 0,4 kV-lik isə 640 kilometrdən artıqdır.

Rayonun 9 kəndi Ermənistanla həmsərhəddir. Həmin ərazilərin energetika təsərrüfatında 2005-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə yenidənqurma işləri həyata keçirilib. Xətlərin və transformator məntəqələrinin yeniləri ilə əvəzlənməsi reallaşdırılıb. Bir sözlə, həmin şəbəkələr tamamilə yeniləşdirilib. Bunun da sayəsində qeyd olunan ərazilərin elektrik enerjisi ilə təchizatında heç bir problem yoxdur. Hər hansı açılma halı və ya qurğularda nasazlıqlar üzündən yaranmış problem şəbəkənin imkanları daxilində operativ şəkildə öz müsbət həllini tapır.

Bütün xəbərlər Facebook səhifəmizdə