Yeni investisiya layihələri elan edilib

Yeni investisiya layihələri elan edilib

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (meyvələrin qurudulması və ya konservləşdirilməsi) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan edib.

SİA-nın məlumatına görə, təkliflərin qəbul olunduğu 20 sentyabr 2010-cu il tarixinədək sahibkarlıq subyektləri tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna 8 təklif (Aran iqtisadi rayonu üzrə 3, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1 və Quba-Xaçmaz iqtisadi rayonu üzrə 3 təklif) daxil olub.

Sentyabrın 21-də Fonda təqdim edilmiş təklif zərfləri sahibkarların, müvəkkil kredit təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə açılmış, "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq həmin investisiya layihələrinin qiymətləndirilməsinə başlanılıb.

İnvestisiya layihələrinin baxılması prosesi başa çatdıqdan sonra oktyabrın 5-də sahibkarların, müvəkkil kredit təşkilatlarının və KİV nümayəndələrinin iştirakı ilə Fond tərəfindən müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (meyvələrin qurudulması və ya konservləşdirilməsi) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə güzəştli qaydada maliyyələşdiriləcək investisiya layihələri elan ediləcəkdir.

Sonra tədbirdə intensiv bağçılığın (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm, alça, zeytun, zoğal, subtropik və sitrus meyvə bağlarının salınması), o cümlədən tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulu elan edilmiş, investisiya layihələrinə tələblər barədə geniş məlumat verilib.

Təqdim edilmiş investisiya təkliflərinə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq Fondda baxılacaq və maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələr noyabrın 10-da elan olunacaqdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev maliyyələşdirilməsi barədə qərar qəbul ediləcək investisiya layihələrinin minimum 30%-nin sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyini bildirib.

Tədbirin sonunda sahibkarları və KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə