Dekabrda dollara tələbin artması proqnozlaşdırılandır AÇIQLAMA

Dekabrda dollara tələbin artması proqnozlaşdırılandır AÇIQLAMA

“Mərkəzi Bank manat bazası vasitəsi ilə proseslərə təsir göstərmək imkanına malikdir, eyni zamanda Azərbaycanda dollarlaşma səviyyəsi yüksəkdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, manatın məzənnəsinin qorunub saxlanılması Mərkəzi Bankın mövqeyindən asılıdır: “Çünki Mərkəzi Bankın manat bazası ilə bağlı qərarı birbaşa manatın məzənnəsinə təsir göstərəcək. Hazırda manat bazası 7, 6 milyard manatdır. Bu, Ümumi Daxili Məhsulun təxminən 13 %-i deməkdir. Bu ondan xəbər verir ki, manat bazasının kiçildilməsi nəticədə dollara tələbin azalmasına gətirib çıxaracaq. Amma eyni zamanda, ilin sonunadək iki ayda dollara tələbin artacağı proqnozlaşdırılır. Bunlardan biri məhz sentyabr ayıdır. Yeni tədris ilinin başlanması ilə bağlı olaraq dollara tələbin artması müşahidə olunacaq. Yeni mövsümdə idxalın artması müşahidə olunur ki, idxal dollara tələbin artmasına gətirən səbəblərdəndir. Bu artım dekabr ayında da müşahidə ediləcək. Çünki ilin sonu olduğu üçün səfərlərin də sayı artır. İdxal yüksəldiyindən xarici borc öhdəliyi haqqında şirkətlər və banklar üzərinə düşəni yerinə yetirirlər. Nəticədə bu, dollara tələbin artmasına gətirib çıxarır. Dekabr ayında dollara tələbin artması proqnozlaşdırılandır. Yalnız Mərkəzi Bankın bu aylarda tələbi optimallaşdırması manat bazasından və hərraca çıxarılan valyutadan asılı olacaq. Növbəti dövrlərdə manatın məzənnəsinə Mərkəzi Bankın təsiri yüksək olacaq. Amma ən çətin ayların sentyabr və dekabr ayları olması gözlənilir. Birmənalı şəkildə Mərkəzi Bankın mövqeyi güclüdür”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə