Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada 2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq 70,7 ton yaş barama məhsulu istehsal edilmiş, 1250-yə yaxın kümçü ailəsi bir ay ərzində çəkdikləri zəhmət müqabilində 600 min manata yaxın pul gəlirləri əldə etmişlər.
Ölkə Prezidentinin cari ildə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından ölkəmizdə istehsal olunacaq barama məhsulunun həcmi nəzərə alınmaqla 6000 (altı min) qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilərək Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuşdur.
Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunacaq barama qurdlarının bəslənilməsi üçün aran rayonlarının (Ağcabədi, Ağdam, Bərdə, Yevlax, Zərdab, Ağdaş, Göyçay, Ağsu, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Kürdəmir, Ucar, Goranboy, Füzuli, Tərtər) kümçülərinə 29-30 aprel, dağlıq və dağətəyi rayonlarının (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz, Qazax, Cəlilabad, Masallı) kümçülərinə isə 01-03 may 2017-cı il tarixlərində bölgü əsasında əvəzi ödənilmədən paylanılacaqdır.
Qeyd edilən tarixlərdə Qax Damazlıq İpəkçilik Stansiyasından barama qurdlarının kümçülərə paylanılmasını həyata keçirmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon icra hakimiyəti başçılarına məktubla müraciət olunmuş və kənd təsərrüfatı idarələrinə müvafiq göstərişlər verilmişdir.
İpəkqurdlarının paylanılması ilə bağlı məsələlərin həlli və yarana biləcək sualları cavablandırmaq məqsədi ilə əlaqələndirici şəxslər müəyyən edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB