Robert Sekuta və xanımı “Yaşıl çay” fermer təsərrüfatında FOTOLAR
Martın 9-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı "Yaşıl çay" fermer təsərrüfadında olublar. SİA-nın verdiyi məlumata görə, R. Sekuta və xanımını təsərrüfatın rəhbəri Araz Yağubov çay plantasiyasında qarşılayıb və öz adından xanım Sekutaya tər çiçəklərdən tutulmuş gül buketi təqdim edib. Daha sonra o, yüksək qonaqlara Lənkəran rayonunda çayçılığın yaranması barədə ətraflı məlumat verib. Bildirib ki, rayonda ilk çayçılıq təsərrüfatı və ilk emal fabriki İstisu qəsəbəsində yaradılıb.
Hazırda ölkə rəhbərliyinin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. "Yaşıl çay" fermer təsərrüfatının 140 hektara yaxın torpaq sahəsi vardır. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən "Kolxida" sortlundan ibarət çay plantasiyaları salınıb. Hazırda 61 hektarda çay plantasiyası mövcuddur. Təsərrrüfatda 2015-ci ildən başlayaraq seçmə üsulu ilə çay yarpağı yığımına başlanıb. Ötən il məhsul verən sahələrdən 90 ton yaşıl çay yarpağı yığılıb. Təsərrüfat başçısı "Kolxida" sortunun "Hind-Çin" sortundan həm məhsuldarlığı, həm də yarpaqlarında tanin maddəsinin çox olması ilə fərqləndiyini xüsusi qeyd edib. O, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmədiyini, mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edildiyini, bu səbəbdən də burada yetişdirilən çay yarpağının ekoloji cəhətdən təmiz olduğunu, hazırda təsərrüfatın emal sexində "Buket", "Narın", "Gül çayı", "Feyxoa çayı" və "Premium" növ çayların emal edildiyini, həmçinin gələn il müəssisədə Azərbaycanda ilk dəfə olaraq bir neçə növ çayın istehsal edilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.
A.Yağubov bildirib ki, yaxın gələcəkdə çay sahələrinin ümumi həcmini 100 hektara çatdırmağı nəzərdə tutublar. Təsərrüfat çoxprofillidir. Burada 300 başa yaxın mal-qara saxlanılınır, həmçinin taxıl, bostan bitkiləri və tərəvəz əkini aparılır. Ötən il isə təsərrüfatda ÇXR-dan gətirilmiş 10150 ədəd tut tingi əkilib. Bu da gələcəkdə təsərrüfatda baramaçılığın inkişafı üçün münbit şərait yaradacaqdır.
Xarici diplomatla söhbət "Yaşıl çay evi"ndə çay süfrəsi arxasında davam etdirilib. Söhbət zamanı səfir Robert Sekutanın sullarını cavablandıran Araz Yağubov ölkəmizdə aqrar sahənin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. Diqqətə çatdırıb ki, dövlətimiz torpaq sahiblərini torpaq vergisindən savayı, bütün vergilərdən azad edib. Həmçinin hər əkilən hektara görə fermerlərə subsidiyalar verilir, alınan mineral gübrələrə, yanacağa güzəşt tətbiq edilir.
Səfir Robert Sekuta xoş qarşılandığına görə təsərrüfat rəhbərinə minnətdarlığını bildirib.
Qeyd edib ki, Amerika səfirliyi Azərbaycanda bu cür təsərrüfatların yaranmasını ölkə üçün böyük uğur sayır. Xüsusən kənd yerlərində yeni iş yerlərinin yaradılmasında fermer təsərrüfatların rolu danılmazdır. Xüsusən qadınların işlə təminatında təsərrüfatın oynadığı rol təqdirəlayiqdir. Cənab səfir gələcəkdə "Yaşıl çay" təsərrüfatı ilə müəyyən birgə layihələrin işlənməsində maraqlı olacağını dilə gətirib.
Səfir Robert Sekuta və xanımı Araz Yağubovla plantasiya önündə xatirə şəkili çəkdiriblər.
Axırda qonaqlara "Yaşıl çay" FT MMC-nin istehsalı olan çay məhsulları və "Yaşıl çay" jurnalı təqdim olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB