Azərbaycan, Türkiyə və Türkmənistan formatının iqtisadi Üstünlükləri

Azərbaycan, Türkiyə və Türkmənistan formatının iqtisadi Üstünlükləri

"Azərbaycan, Türkiyə və Türkmənistan formatının yaradılması gənc və bazar iqtisadiyyatına yeni keçmiş ölkələr olan Azərbaycan və Türkmənistana Türkiyənin uzunmüddətli dövrdə formalaşan təcrübəsindən istifadə etmək şansı yaradır. Bu isə yerli biznesin inkişafı üçün normal şəraitin formalaşması, eyni zamanda rəqabət mühitini dərinləşdirməklə qarşılıqlı inkişaf imkanlarını genişləndirə bilər". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan vasitəsilə Xəzər üzərindən Türkmənistanla Türkiyə arasında olan nəqliyyat dəhlizi hər üç ölkənin ticarət əlaqələri üçün kifayət qədər müsbət faktor hesab oluna bilər: "Bundan başqa hər üç ölkə arasında olan ənənəvi yaxınlıq, eyni zamanda oxşar dil bağlılığı biznes subyektləri arasında iqtisadi əlaqələrin, əməkdaşlığın və tərəfdaşlığın daha asan şəkildə qurulmasına geniş imkanlar açır. Bütövlükdə götürdükdə sonradan bu formatın daha da genişlənməsi imkanı da var. Belə ki, Qazaxıstan və Özbəkistanın bu formata qoşulması ilə Rusiyanın cənub-şərq ərazilərində müəyyən iqtisadi blok da formalaşdırmaq olar. Hansı ki, bununla da sonrakı dövrdə Rusiyanın bu ölkələrə, xüsusilə Orta Asiya eləcə də, Azərbaycana qarşı təsirlərinin qarşısını almaq mümkün ola bilər".

Ekspert qeyd edib ki, bu gün Azərbaycan və Türkmənistan türkiyəli iş adamları və biznesi üçün nisbətən rəqabət imkanı daha üstün və eyni zamanda zəif inkişaf etmiş bazarlar sayıldığı üçün bu ölkələrdə Türkiyə biznesinin daha asan şəkildə mövqe tutması və genişlənməsi üçün kifayət qədər şərait var.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın aylarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammitinin keçiriləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə