Səfir: "Azərbaycana İTEC proqramında hər il 15 yer ayrılır" FOTOLAR
Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı bu ölkənin Texniki İqtisadi Əməkdaşlıq (İTEC) proqramının azərbaycanlı məzunları ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə İTEC çərçivəsində Hindistanda təlim kurslarında iştirak etmiş müxtəlif dövlət qurumlarının rəsmiləri, peşəkarlar və iş adamları iştirak edirdilər.
Tədbirdə çıxış edən Hindistanın Bakıdakı səfiri Sanjay Rana bildirib ki, İTEC proqramı Hindistan hökuməti tərəfindən müxtəlif sahələrdə öz inkişaf təcrübəsini və biliyini Azərbaycan kimi beynəlxalq tərəfdaşlarla bölüşmək məqsədilə 1964-cü ilin sentyabr ayından etibarən həyata keçirilir. Proqramın üç mühüm tərkib hissəsi vardır ki, bunlar texniki yardımın çatdırılması, texnologiyanın ötürülməsi və təlim və biliklərin qazanılmasıdır.
Səfir Rana qeyd edib ki, İTEC proqramı çərçivəsində Hindistan hökuməti ölkənin ən yüksək səviyyəli müəssisələrində bütün xərclərin qarşılandığı təqaüd proqramı ilə təmin edir. Təqaüdə beynəlxalq səyahət, kurs xərcləri, yaşayış, kitablar və Hindistanda tibbi və digər xərclər daxildir. Proqram çərçivəsində iştirakçılar təlim kurslarına qatılırlar. Hazırda, hər il müxtəlif sahələrdə 300-ə yaxın qısamüddətli, ortamüddətli və uzunmüddətli təlim kursları təşkil edən 56 müəssisə vardır və bu kurslarda iştirak etmək məqsədilə dünyanın 160 ölkəsindən Hindistana təxminən 10000 tələbə gəlir.
Səfir qeyd edib ki, Azərbaycana İTEC proqramında hər il 15 yer ayrılır. 2004-cü ildən etibarən 100-dən çox azərbaycanlı nümayəndə İTEC proqramı çərçivəsində Hindistanda müxtəlif kurslarda iştirak edib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov isə bildirib ki, Dövlət Agentliyinin bir sıra əməkdaşları " Külək turbin texnologiyası və tətbiqi" mövzusunda ITEC proqramları çərçivəsində təşkil edilən təcrübə proqramlarında və seminarlarda iştirak edib, Azərbaycanda bu sahədə görülmüş işlərlə bağlı təcrübə mübadiləsi aparıb.
C.Məlikov bildirib ki, Azərbaycan Hindistanın Baş nazirinin təşəbbüsü ilə irəli sürülən və günəş ehtiyatı ilə zəngin olan ölkələr arasında əməkdaşlıq üçün ümumi platforma kimi fəaliyyət göstərən və böyük günəş enerjisi potensialına malik ölkələrə günəş enerjisi stansiyalarının inşası üçün lazımi imkanı yaradacaq Beynəlxalq Günəş Enerjisi Birliyinə maraq göstərir. Hindistan və Azərbaycan arasında sıx dostluq münasibətləri vardır və ölkələr siyasi, ticarət, sərmaye, təhsil və mədəniyyət sahələri daxil olmaqla bir çox sahələrdə fəal əməkdaşlıq edirlər. Hindistan və Azərbaycan güclü, parlaq və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirirlər. Tərəflər 2016-cı ilin oktyabr ayında hökumətlərarası komissiyanın 4-cü ikitərəfli iclasını keçirdilər və iclas zamanı ticarət, sərmayə, nəqliyyat, enerji, kimyəvi məhsullar, gübrə, kənd təsərrüfatı, elm və texnologiya, informasiya və kommunikasiya texnologiyaları (İKT), səhiyyə və əczaçılıq, təhsil, mədəniyyət, gənclər və idman kimi müxtəlif sahələrdə əməkdaşlıq üçün təklifləri müzakirə etdilər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB