Dollara alternativ tapıla bilərmi? EKSPERT RƏYİ

Dollara alternativ tapıla bilərmi? EKSPERT RƏYİ

"Bu gün dünyanın bir sıra aparıcı banklarının əsas məqsədi rəqəmsal valyutanın tətbiqinə nail olmaqdan ibarətdir". Bu fikirləri SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov ABŞ-ın ən iri banklarının dollardan imtina edərək, onların 2018-ci ildə yeni hesablaşma növünə keçəcəkləri ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Elektron valyutanın tətbiqinin gözlənilən olduğunu deyən iqtisadçı-ekspert söyləyib ki, uzun müddətdir ki, bununla bağlı müzakirələr aparılır: "ABŞ dolları dünya pulu olaraq aparıcı mövqeyini qoruyub saxlasa da, böyük ehtimalla yaxın gələcəkdə maliyyə qurumlarının ABŞ dollarının alternativinin tapılması və ümumiyyətlə, kağız pulların azaldılması istiqamətində fəaliyyətlərinin genişləndirəcəyi gözlənilir".

Yeni valyutanın yaradılmasının dolların mövqeyinə təsirinə gəlincə V. Bayramov vurğulayıb ki, bu cür hesablaşmalar sisteminin tətbiq edilməsi, ABŞ dollarının dünya bazarında mövqeyinin zəiflədə bilməz: "Çünki, ABŞ dolları dünya pulunu rolunu oynayır və bu, belə də davam edəcək. Qısa zamanda dolların digər valyuta ilə əvəz edilməsi praktikası mümkün deyil. Dünya ehtiyatlarının 62 faizi ABŞ dolları ilə saxlanılır ki, bu da kifayət qədər böyük rəqəmdir. Bu baxımdan yeni - istər kağız, istərsə də rəqəmsal valyutanın tətbiq edilməsi zaman alacaq. ABŞ dolları 100 ilə yaxındır ki, dünyada əsas valyuta rolunu oynasa da hazırda dollara alternativin tapılması istiqamətində çox yüksək səviyyədə müzakirələr gedir. Amma bunun qısa zamanda reallaşması inandırıcı görünmür".

"Bildiyiniz kimi bir müddət öncə Rusiya prezidenti Vladimir Putin MDB daxili hesablaşmalarda dollardan deyil, digər valyutadan istifadə edilməsi eyni zamanda yeni pul vahidi olan altunun dövriyyəyə buraxılması ilə bağlı təklifi olmuşdu. Təbii ki, bu da zamanla bağlı olan məsələdir. Çünki, hələlik MDB ölkələrinin hamısının ABŞ dollarına ehtiyacı var və onlar xarici valyuta ilə alqı-satqı etməkdə maraqlıdırlar. Lakin güman edirəm ki, Rusiya da yaxın gələcəkdə MDB ölkələri arasında dollar deyil, digər valyutadan istifadə edilməsinə çalışacaq. Amma hələlik bütün MDB ölkələrinin ehtiyatları xarici valyutada saxlandığı üçün bunun tətbiqi mümkün deyil" - deyə, iqtisadçı-ekspert əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə