"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dünyada gedən iqtisadi, siyasi prosseslərin Azərbaycana təsiri ilə bağlı məqamların, aparılan iqtisadi islahatların və əldə olunan nəticələrin dərin təhlilini verdi və bu ilin sonuna qarşıda duran əsas vəzifələri müəyyən etdi". Bunu SİA-ya "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov müşavirəni şərh edərkən deyib.
"Azərbaycanda son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 60%-dən çox arta bilib"
O bildirib ki, başlanğıcı 2007-2008-ci illərin məşhur ipoteka böhranı ilə qoyulan, ilk öncə ABŞ-ın və Avropanın, sonradan isə digər ölkələrin də bank sistemini iflic vəziyyətinə sala bilən maliyyə böhranı öz ardınca iqtisadi böhranı da qaçılmaz etdi: "Azərbaycan ötən ilin əvvəllərinə qədər dünyanın ən qabaqcıl ölkələrinin üzləşdiyi maliyyə böhranın təsirlərindən kənarda qala bildi. Lakin neftin dünya bazarlarında kəskin ucuzlaşması ilə müşayət olunan iqtisadi böhran, illərlə iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərə - Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payının 70%-ə qədər qaldırılmasına baxmayaraq, bizdən yan ötə bilmədi. Son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 60%-dən çox arta bilib. Lakin dünya iqtisadi məkanını bürüyən və Azərbaycan iqtisadiyyatının da yan keçə bilmədiyi bu iqtisadi böhran ölkə iqtisadiyyatının neftdən asılılığını minimum həddə qədər endirməyi nəzərdə tutan proqnozların tam reallaşdırılmasına imkan vermədi. Hökumət iqtisadiyyatın qapısını vaxtından əvvəl kəsə bilmiş böhrana kəskin antiböhran tədbirləri ilə cavab vermək yolunu tutdu".
"Ən mühüm addım ölkə iqtisadiyyatının inkişafını nəzərdə tutan yol xəritəsinin hazırlanmasına dair qərar oldu"
F. Yusifov söyləyib ki, ötən ilin ikinci yarısından başlanan və əslində iqtisadiyyatın postneft dövrünün yeni iqtisadi modelinə çevrilən bu islahatlar, ilk öncə ölkədə azad sahibkarlığın qarşısında dayanan bütün maneələrin kəsilib atılmasına istiqamətləndi: "Ölkə başçısının "heç kimin toxunulmazlıq statusu ola bilməz" çağrışı ilə başlanan antikorrupsiya tədbirləri, onun bu məsələdə kiməsə güzəşt etməyəcəyini bir daha hər kəsə açıq göstərdi. Bunun ardınca gömrük və vergi sistemlərində aparılan sadələşmələr, inhisarçılığın aradan qaldırılması, yoxlamaların dayandırılması, sahibkarlıq fəaliyyətinə lisenziya və xüsusi icazələrin verilməsindəki yeniliklər, tikinti sahəsində bütün maneələrin aradan qaldırılmasını hədəfləyən qərarlar, investitsiya və ixracın təşviqinə dair sərəncamlar, sahibkarların şikayərlərinə operativ və obyektiv baxışı hədəfləyən üç səviyyədən ibarət appeliasiya şuralarının yaradılması, qanunvericilikdə iş adamlarına iqtisadi amnistiya nəzərdə tutan və onların vergidən yayınması üçün cinayət məsuliyyəti müəyyən edən məbləğin on dəfə azaldılması kimi tədbirlər ölkədə real sektorun sürətli inkişafını hədəfləyən əsas addımlar idi. Ən mühüm addım isə yaxın, orta və uzaq perspektivlər üçün ölkə iqtisadiyyatının inkişafını nəzərdə tutan yol xəritəsinin hazırlanmasına dair qərar oldu. Bu qərarın böyük özəlliyi ondan ibarətdir ki, hər üç dövrü əhatə edəcək və ayrı-ayrı sahələrin inkişafını hədəfləyəcək bu proqramlar işlənməzdən öncə yerli və xarici mütəxəssislərin iştirakı ilə hər bir sahənin dərin dioqnostikası keçiriləcək və onu inkişafına maneə olan bütün məqamlar aşkarlanaraq aradan qaldırılacaq".
"Azərbaycan hökuməti postneft dövrünün nəbzini vaxtında və çox dəqiq tuta bilib"
İqtisad elmləri doktoru qeyd edib ki, cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə Prezident dünyada baş verən iqtisadi təlatümlərə baxmayaraq Azərbaycan iqtisadiyatının davamlı və ardıcıl şəkildə inkişaf etdiyini konkret faktlarla hər kəsə göstərdi: "Bəli, ümumi iqtisadiyatda müəyyən geriləmələr var, ancaq bu ilk növbədə neftin dünya bazarlarındakı qiymətlərinin kəskin düşməsi və onun hasilatının azalması ilə bağlı olan bir məsələdir. Cari ilin birinci yarısında iqtisadiyyatın qeyri-neft sektorunun əksər aparıcı sahələrində isə nəticələr pozitivdir. Əgər keçən illə müqayisədə qeyri-neft sənayesi, kənd təsərrüfatı istehsalı, nəqliyyat, informasiya və rabitə xidmətləri, pərakəndə ticarət və s. sahələr üzrə ciddi irəliləyişlər ola bilibsə bu o deməkdir ki, Azərbaycan hökuməti postneft dövrünün nəbzini vaxtında və çox dəqiq tuta bilib və onun bu dövrdə apardığı islahatlar mövcud vəziyyətə tam adekvat islahatlardır. Bunun belə olduğunu və Azərbaycan hökumətinin postneft dövründə apardığı iqtisadi islahatların əhəmiyyətini dünyanın iki ən böyük maliyyə institutunun – Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərlikləri də artıq rəsmi bəyan ediblər".
"Əsas hədəf postneft dövrünün islahatlarını maksimum qısa zaman kəsiyində başa vurmaqdır"
"İndi Azərbaycan hökuməti bu yolda daha inamla irəliləmək və postneft dövrünün islahatlarını maksimum qısa zaman kəsiyində başa vurmağı hədəfləyir. Ölkə Perezidentinin iki gün öncə keçirilən müşavirədə dediyi kimi, islahatların əsas hədəfi bir neçə il ərzində dövlət büdcəmizin gəlirlərini qeyri-neft sektoru hesabına təmin etmək olmalıdır. Bu baş verdikdən sonra isə dünya bazarlarında neftin qiymətlərinin qalxıb düşməsinin heç bir əhəmiyyəti olmayacaq"- deyə, professor əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB