"İmzalanan sənədlər iqtisadi islahatların çevik aparılması məqsədi daşıyır" MÜNASİBƏT

"İmzalanan sənədlər iqtisadi islahatların çevik aparılması məqsədi daşıyır" MÜNASİBƏT

"Azərbaycan Prezidentinin iqtisadi sahə ilə bağlı imzaladığı sərəncamlar cəmiyyət tərəfindən müsbət qarşılanır". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Azərbaycanda çox ciddi iqtisadi islahatların aparıldığını dilə gətirən millət vəkili söyləyib ki, dövlət başçısı tərəfindən imzalanan sənədlərin əsas məqsədi islahatları daha çevik aparmaqdan ibarətdir: "Azərbaycanda iqtisadi islahatlara start verilməsində də əsas məqsəd ölkəmizin qeyri-neft sektorunun inkişafını təmin etməkdən ibarətdir. Hazırda dünyada neftin qiymətində çox ciddi problemlər yaşanır. Azərbaycanın neft hasilatında müəyyən qədər azalır. Bunların qarşısının alınması üçün ölkəmiz qeyri-neft sektorunun inkişafına diqqəti artırıb".

Hazırda ölkədə banklarla bağlı ciddi prosesin getdiyini dilə gətirən V. Əhmədov söyləyib ki, banklar sağlamlaşdırılmalıdır:"Bununla bağlı Azərbaycan Prezidenti xüsusi göstəriş verib. Maliyyə Bazarlarına Nəzarət Palatası da bunun üzərində işləyir. Ölkədə fəaliyyət göstərən banklarda likvidlik aradan qaldırılmalı, kredit portfeli yüksək olmalı, faiz dərəcələri aşağı olmalıdır".

Azərbaycan Prezidentinin təqdimatı ilə qısa müddət ərzində Milli Məclisdə bir sıra qanunlara dəyişiklik edildiyini deyən millət vəkili qeyd edib ki, sahibkarlar üçün normal şəraitin yaradılması, rüşvət və korrupsiyanın aradan qaldırılması ölkənin əsas məqsədlərindən biridir.

Ötən gün Azərbaycan Prezidenti tərəfindən "ASAN Viza" sisteminin yaradılması ilə bağlı imzalanan sərəncamla əlaqədar fikirlərini bildirən V. Əhmədov sözügedən sərəncamı yüksək qiymətləndirib: "Bilirsiniz ki, xarici vətəndaşlar viza almaq üçün aylarla səfirliklərdə gözləyirdilər. Lakin yeni sistemin yaradılması nəticəsində 3 gün ərzində viza almaq mümkün olacaq".

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev "Banklar haqqında" və "Sosial sığorta haqqında" 2016-cı il mayın 6-da parlamentdə təsdiq olunmuş qanunların tətbiqi, Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərman imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə