"Cənub Qaz Dəhlizi" Azərbaycana hansı dividentləri gətirəcək? EKSPERT RƏYİ

"Cənub Qaz Dəhlizi" Azərbaycana hansı dividentləri gətirəcək? EKSPERT RƏYİ

Son illərin ən mühüm enerji layihəsi olan "Cənub Qaz Dəhlizi" nin reallaşdırılması istiqamətində xeyli işlər görülüb və proses uğurla davam etdirilməkdədir. Məlum olduğu kimi, hələ 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülmüş, lakin bunların praktiki nəticəsi olmamışdır. Lakin Azərbaycan bu sahədə də liderliyi öz üzərinə götürmüş və "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanmışdır. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub Qaz Dəhlizi" ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanmış, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilmiş, 2013-cü il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edilmiş və 2014-cü ildə "Cənub Qaz Dəhlizi" nin təməlqoyma mərasimi keçirilmişdir. Qeyd edək ki, ötən il fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin birinci görüşü keçirilmiş, layihənin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş və mətbuat üçün bəyanat qəbul edilmişdir ki, bu toplantı da prosesin mühüm tərkib hissəsi kimi qiymətləndirilmişdi. Növbəti toplantının da Bakıda keçirilməsi və burada Azərbaycanın mühüm mövqeyə malik olması bir daha qeyd edilən fikirləri təsdiq edir. Onu da qeyd etmək lazımdır ki, "Cənub Qaz Dəhlizi" nin əsas komponentləri olan TAP və TANAP tranzit kəmərləri vasitəsilə "Şahdəniz" yatağından istehsal olunan qaz 2018-ci ildə Türkiyəyə, bir il sonra isə Avropaya çatacaq. 45 milyard dollar investisiya tələb edən bu layihə çərçivəsində ilkin mərhələdə 16 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Prezident İlham Əliyev də bu barədə öz əhəmiyyətli fikirlərini vurğulayıb O, ikinci toplantı zamanı etdiyi çıxışında vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək.

Mövzu ilə əlaqədar SİA-ya açıqlama verən ekspertlər hesab edir ki, "Cənub Qaz Dəhlizi" tədarük olunacaq qaz Avropa ölkələrinin təchizatında mühüm rol oynayır, o cümlədən də layihəninn reallaşması yeni iş yerlərinin açılmasına da imkan yaradacaq.

İqtisadçı ekspert Vüqar Bayramov: "Cənub Qaz Dəhlizi" istifadəyə veriləcəyi zaman Azərbaycana 100 milyard dollardan artıq vəsaitin cəlb edilməsinə imkan yaranacaq"

-""Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan üçün əhəmiyyətli layihələrdən biridir. Bu layihə vasitəsilə Azərbaycanın mavi qazı Avropa bazarına çıxarılacaq ki, bu da dövlət gəlirlərinin artırılmasına zəmin yaradacaq. Belə ki, "Cənub Qaz Dəhlizi" istifadəyə veriləcəyi zaman Azərbaycana 100 milyard dollardan artıq vəsaitin cəlb edilməsinə imkan yaranacaq. Bundan başqa layihə Azərbaycana daha dayanıqlı bazara çıxışı imkanları verəcək. Nəzərə alaq ki, Avropa bazarı 450 milyondan artıq istehlakçısı olan dünyada ən böyük bazarlardan biridir. Təbii ki, Avropaya nəql edilən mavi qazın həcmi artırılacaq ki, bu da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından çox vacibdir. Çünki Avropanın təhlükəsizliyinin əsas elementlərindən biri məhz enerji təhlükəsizliyinin təmin edilməsidir. Avropa Azərbaycandan mavi qaz almaqda maraqlıdır ona görə ki, Avropa üçün divervikasiya mühüm amildir. TAP layihəsi vasitəsilə Avropa birinci mərhələdə illik olaraq 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz alacaq. Digər istiqamət isə Türkiyənin sözügedən qaz dəhlizindən faydalanmasıdır. Bununla da Türkiyə mavi qazdan asıllığını aradan qaldıra biləcək. Bir sözlə layihə Azərbaycanla yanaşı qitə ölkələri üçün çox əhəmiyyətli bir layihədir. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci toplantısının Azərbaycanda keçirilməsi bir daha ölkəmizin siyasi iradəsindən xəbər verdi".

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov: "Bu, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividentlərə yiyələnməsi deməkdir"

-""Cənub Qaz Dəhlizi" Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir. Bu dəhliz vasitəsilə Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Layihənin reallaşdırılması Azərbaycana tək iqtisadi dividentlər deyil həm də çox ciddi siyasi dvidentlər verəcəkdir. Bu gün Avropa öz enerji təchizatı mənbəələrini çaxələndirmək yolunda mümkün ola bilən hər addımı atmağa hazırdır. Son bir neçə ildə dünya siyasət meydanında baş verən olaylar Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu göstərdi. Bu səbəbdən də bu gün Avropa bu asılılıqdan qurtarmaq üçün kordinal addımlar atmaq məcburiyyətindədir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və bununla da Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividentlərə yiyələnməsi deməkdir. Qarabağ kimi bir problemi olan Azərbaycana siyasi dvidentlər hava, su kimi lazımdır. Digər tərəfdən qaz ixracı hesabına ölkəmizə axacaq mıhkəm valyuta iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə imkan verəcəkdir. Düşünürəm ki, güclü iqtisadiyyatı olan ölkə ilə hər kəs hesablaşmağa borcludur. Azərbaycanın iqtisadi qüdrəti artdıqca bir tərəfdən Qarabağ probleminin həlli sürətlənəcək, digər tərəfdən isə ölkə əhalisinin sosial durumu Avropa standartlarına yaxınlaşacaqdır. Bu səbəbdən də "Cənub Qaz Dəhlizi" vasitəsilə satılacaq qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti böyük olacaq".

Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü praqmatik, uzaqgörən və tam müstəqil siyasət sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasında həlledici rol oynayan Azərbaycan həm də bu layihə ilə Avropaya inteqrasiya kursunu nümayiş etdirir. Avropalı tərəfdaşların isə bütün bunları dəyərləndirməsi olduqca vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə