SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu yeni müqaviləyə imza atıb
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. SOCAR-dan SİA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində zavodun və onun kənar sahələrində infrastrukturun layihələndirilməsi üçün müəyyən torpaq tədqiqat işlərinin aparılması məqsədi ilə növbəti müqavilə imzalanıb.
Sənəd layihəsi "SOCAR-Foster Wheeler" Mühəndis Xidmətləri MMC (SFV) və PMC şirkət olan ''Fluor'' tərəfindən torpaq tədqiqat işlərinin aparılması üçün hazırlanmış tədbirlər toplusu əsasında ''SOCAR Fugro'' MMC ilə zavod arasında imzalanıb. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və ''SOCAR Fugro'' MMC-nin baş direktoru Kris Mott imzalayıblar.
Müqavilə çərçivəsində zavod daxilində və ətrafında ilkin geotexniki, ətraf mühit, hidroloji - hidrogeoloji və geofiziki qrunt tədqiqatları aparılacaq, yekun olaraq hesabat və digər aidiyyəti sənədlər hazırlanacaq. Əldə olunacaq məlumatlar müvafiq layihəçi şirkətə təqdim ediləcək və layihənin növbəti mərhələlərində istifadə olunacaq. Bu işlərə "SOCAR Fugro" MMC ilə birlikdə SOCAR-ın Geologiya və Geofizika İdarəsinin də cəlb ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə