Vergi və gömrük qanunvericiliyinə edilmiş dəyişikliklərin əsas məqsədi
"İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"na əsasən investisiya təşviqi sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir və Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Vergi Məcəlləsinə 2016-cı ilin fevral ayında qüvvəyə minmiş dəyişikliklərə əsasən, sərmayə qoymaq istəyən sahibkarlar üçün daha əlverişli şərtlərlə fəaliyyət göstərmək imkanı yaranacaq". Bu fikirləri SİA-ya açıqlamasında Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanov deyib.
Nicat İmanov investisiya təşviqi sənədini alan şəxsin müəyyən üstünlüklərə malik olacağını və güzəştlər əldə edəcəyini bildirib. O qeyd edib ki, investisiya təşviqi sənədini almış fərdi sahibkarlar həmin sənədi aldıqları tarixdən əldə etdikləri gəlirin 50 faizi 7 il müddətinə gəlir vergisindən, hüquqi şəxslər isə həmin sənədi aldıqları tarixdən əldə etdikləri mənfəətin 50 faizi 7 il müddətinə mənfəət vergisindən azad edilir: "Bundan başqa, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - investisiya təşviqi sənədini aldığı tarixdən 7 il müddətinə ƏDV-dən, eləcə də 7 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad edilirlər. İnvestisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir. Bundan başqa investisiya təşviqi sənədi almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə, həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalı və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəməlidir".
İdarə rəisi həmçinin onu da qeyd edib ki, vergi və gömrük qanunvericiliyinə edilmiş dəyişikliklərin əsas məqsədi yeni investisiya mənbələrinin tapılmasıdır: "Digər məqsəd Azərbaycan vətəndaşını məhz öz ölkəsinə investisiya qoymağa təşviq etməkdir. İnvestisiyaların təşviqi ilə bağlı qəbul edilmiş qərarlarla investorlara vergi və gömrük güzəştlərinin verilməsi sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft məhsulları üzrə ixracın artırılmasına səbəb olacaq, bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə