Ölkəmizdə bütün sahələrdə iqtisadi inkişafa və tərəqqiyə nail olunub. Böyük dəyişikliklər kənd təsərrüfatında da həyata keçirilib, kənd təsərrüfatı məhsullarının artırılması üçün bütün lazımi tədbirlər görülüb. Üzümçülük, pambıqçılıq, taxılçılıq sahələrinin inkişaf etdirilməsi üçün dövlət müvafiq proqramlar qəbul edib. Hətta bu yaxınlarda Azərbaycan Respublikasının Milli Məclisi üzümçülük, şərəbçılıq haqqında qanun qəbul edib. Əhalinin ərzaqla təminatında mühüm rol oynayan taxılçılığın inkişaf etdirilməsi fermerlərin qarşısında dayanan məsələlərdən sayılır. Hazırkı məqamda Azərbaycan taxıla olan daxili ehtiyaclarını 90 faiz təmin edir və bu göstəricinin 100 faizə çatdırılması üçün Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına müəyyən tapşırıqlar verib. Təbii ki, kənd təsərrüfatının inkişafından söhbət düşəndə heyvandarlıq sahəsində nailiyyətlərin əldə olunması başlıca məqsədlərdən sayılır. Hazırkı məqamda Azərbaycan iqliminə uyğun xırda və iribuynuzlu heyvanların yetişdirilməsi hədəflərdən biridir. Əslində xaricdən heyvanların alıb-gətirilməsi kənd təsərrüfatının, heyvandarlığın inkişafına yalnız xeyir verə bilər. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Hollandiya və Almaniyada yetişdirilmiş inəklər il ərzində 10-11 min litr süd verir. Azərbaycanda isə bəslənən inəklər yalnız 1200-1300 litr süd verə bilir. Bu baxımdan xaricdən xırda və iri buynuzlu heyvanların alıb-gətirilməsi yaxşı olardı. Məhz bunu nəzərə alaraq, dövlətimiz xaricdən cins mal-qara alınıb gətirilməsinə xüsusi önəm verir. Əldə olunan məlumata görə, son illər xaricdən ölkəyə 2879 cins mal-qara gətirilib. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat vəsait ayrılıb.
Süni mayalandırmanın heyvandarlığın inkişafında önəmi
Fermerlərin iddialarına görə, süni mayalanma yolu ilə əldə edilmiş iribuynuzlu cins heyvanlardan gündə 17-20 litir süd alınması mümkündür. Belə heyvanların ətvermə qabiliyyəti də yüksək olur. Sahibkarlar o fikiri də vurğulayırlar ki, Hollandiyaya məxsus "Holşteynfriz"" cinslərinin süni mayalanma yolu ilə artırılması heyvandarlığın inkişafında müsbət nəticələr verir. Həm də, belə mayalanma yolu ilə artırılan heyvanlar bölgənin iqliminə daha tez uyğunlaşa bilirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 15 avqust tarixli Sərəncamı ilə süni mayalanmadan alınan hər buzova görə 100 manat yardım müəyyən edilib. Bu Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Nazirlər Kabineti "Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi qaydasını" təsdiq edib. Sual yarana bilər: Sərəncamdan irəli gələn tələblər, eləcə də, Nazirlər Kabinetinin məsələ ilə bağlı təsdiq etdiyi qaydalara yerlərdə əməl edilirmi? Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturları sahibkarlar arasında heyvandarlığın süni mayalanma yolu ilə artırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirirmi? Maya dəyəri 20-30 qəpik olduğu halda heyvanların birkalanmasına görə 6-7 manat alınması nə dərəcədə düzgündür? Redaksiyamıza daxil olan şikayət məktublarına və apardığımız araşdırmalara əsasən, demək olar ki, Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki şöbələri bu istiqamətdə üzərinə düşən vəzifəni heç də tam şəkildə yerinə yetirə bilmir. Saatlı rayonundan olan fermer Nuhəli Kərimov və Qobustan rayonunun Cəngi kəndindən olan Nazim Əliyev ölkəyə iribuynuzlu mal-qaranın gətirilməsində şəffaflığa əməl olunmadığını qeyd ediblər. Bildiriblər ki, əslində Kənd Təsərrüfatı Nazirliyi tender keçirməli və damaqlıq mal-qaranın gətirilməsini təmin etməlidir. Ancaq Nazirlik hansı səbəbdənsə fermerlə fərdi qaydada müqavilə bağlayır, xaricdən iribuynuzlu heyvanların gətirilməsinə nail olur: "Bu hal fermerlər arasında ayrıseçkiliyə yol verir. Dövlətin ayırdığı milyonların havaya sovrulmasına gətirib çıxarır".
Qobustan rayonunun Cəngi kəndindən olan N.Əliyev bildirir ki, özünün vəsaiti hesabına rayon baytarlıq idarəsi tərəfindən 3 baş inəkdə süni mayalanma həyata keçiriblər. İnəklər buzov doğsa da dövlətin ayırdığı 100 manat vəsaiti ala bilməyib.
Eyni ittihamla Saatlı rayonunun Azadkənd kəndindən olan fermer Ağaverdi Şəmmədov da bildirir ki, ölkə üzrə gedən aqrar islahatlar Saatlı rayonundan sanki yan keçib: "Kənd Təsərrüfatı Nazirliyinin Saatlı rayon Baytarlıq İdarəsi kəndin mal-qarasını qeydiyyata alsa da, süni mayalanma üsulu ilə döğulan buzovlara görə dövlət tərəfindən ödənilməli olan 100 manat pulu ala bilməyib. Ümumiyyətlə, heyvanların süni mayalanma yolu ilə artırılması ilə bağlı Kənd Təsərrüfat Nazirliyinin fermerlər arasında maarifləndirmə işi demək olar ki, sıfır həddindədir".
Rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazov Saatlı fermerlərinin üzləşdikləri problemlərə aydınlıq gətirərkən bildirib ki, rayon üzrə 67 minə yaxın iribuynuzlu heyvan qeydə alınıb: "Hələ ki, heyvanların birkalanması halı olmayıb. Qaydaya görə heyvanlara birka vurulduqdan sonra elektron hesabata daxil edilir. Bundan sonra Kənd Təsərrüfatında yaradılan komissiyada baxış həyata keçirilir. Məhz bundan sonra doğulan hər bir buzova görə fermerlərə pul ayrılır. Hələ ki, hansısa fermerə pul ayrılmayıb".

Quba rayonu Vladimirovka kəndindən olan fermer Mahir Sayibov da Kənd Təsərrüfatı Nazirliyinin yerli şöbəsinin əməkdaşlarının biokratik ənəgəllər yaratdıqlarından şikayətlənib: "Heyvanları süni mayalanmadan sonra birkalayıb qeydiyyata alınmalıdır. Bununla onlar süni mayalanma tətbiq olunan maq-qaranın sayını müəyyənləşdirərək Prezidentin Sərəncamına uyğun olaraq fermerə pul ayırmalıdırlar. Amma onlar heyvanların birkalanması üçün məndən hər bir inəyə görə 5 manat pul istəyirlər. Halbuki baytarlıq mağazalarında həmin birkanın qiyməti cəmi 20-30 qəpikdir".
Şikayətçi iddia edir ki, süni mayalanma üzrə texniklərin dediyinə görə, 5 manat alınması qaydasını Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri işləyən Qudrət adlı şəxs müəyyənləşdirib: "Nazirliyin Şimal zonası üzrə kuratorunun dediyinə görə, Qüdrətin imzaladığı "nakladnoy" ilə birkaların hər birinin qiyməti 3 manat müəyyənləşdirilib. Rayon texnikləri də üstünə iki manat qoyur, olur 5 manat. Necə ola bilər ki, süni mayalanmaya görə əlavə 5 manat birka haqqı və digər xərclər ödənilsin? Verməsən 100 manat bizim kimi fermerlərin əlindən çıxa bilər. Bu baxımdan heyvanların birkalanmasından imtina edirik. Ümid edirik ki, müvafiq dövlət qurumları bu cür özbaşınalığın qarşısının alınması üçün tədbirlər görəcək".
Eldar İbrahimov: "Qərarlara əməl edilmirsə, həmin qrumlar məsuliyyət daşıyırlar"
Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Milli Məclisin Aqrar-Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, kənd təəssərüfatının inkişaf etdirilməsi üçün dövlət tərəfində hər cür imkan və şəraitlər yaradılıb, dövlət proqramları qəbul edilib: "Prezident İlham Əliyevin süni mayalanmadan alınan hər buzova görə 100 manat yardım olunması barədə Sərəncamı kəndliyə, fermer təsərrüfat sahiblərinə göstərilən qayğının və diqqətin nəticəsidir, ərzaq bolluğunun yaradılmasına göstərilən dəstəkdir. Prezidentin imzaladığı sərəncamaları və qərarları icra etmək hər bir dövlət qrumu üçün qanundur. Əgər bu qərarlara əməl edilmirsə, həmin qrumlar məsuliyyət daşıyırlar".
Güzəştlərdən fermerlər məhrumdur
Məlumat üçün qeyd etmək lazımdır ki, xaricdən gətirilən damazlıq heyvanlar fermerlərə lizinq yolu ilə verilməlidir. Yəni heyvanın dəyərinin 50 faizini dövlət ödəyir. Qalan 50 faiz pulun yarısını isə fermerlər öz vəsaitləri hesabına ödəməlidir. Qalan hissə isə 3 il müddətinə lizinq yolu ilə ödənilməlidir. İstər lizinqin həyata keçirilməsində, istərsə də, süni mayalanmaya görə vəsaitin ödənilməsi prosesi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarəsinin rəisləri və Maliyyə Nazirliyinin rayon üzrə Maliyyə İdarəsinin səlahiyyətli nümayəndələri həyata keçirməlidirlər. Qanuna görə, 5 gün müddətində heyvan sahibinin iştirakı ilə təqdim olunmuş məlumatların düzgünlüyü yoxlanaraq təsdiqlənməlidir. Məhz bundan sonra lizinq yolu ilə heyvanın verilməsi və süni mayalanma ilə doğulan buzovlara görə 100 manat pulun ödənilməsi barədə qərar verilir. Araşdırmalarımıza əsasən, demək olar ki, Quba, Xaçmaz, Lənkəran, Saatlı, Qobustan, Şamaxı, Qax və Zaqatala rayonlarında fermer təsərrüfatı rəhbərlərinin arzu etdikləri proseslər həyata keçirilməyib. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin hansı işlərlə muşğul olduğu müəyyən qədər şübhələr doğurur və suallar yaradır. Elə bu suallardan bəzisinə cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin heyvandarlıq məhsullarına və yüklərə nəzarət sektorunun müdiri Aydın Hüseynov fermerlərin ittihamlarının əsassız olduğunu qeyd etdiyi fikirləri ilə sübut etməyə çalışdı. Sektor müdiri bizimlə söhbətində bildirdi ki, Respublika Mayalanma Mərkəzinin əməkdaşları rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə fermerlərlə görüşlər keçirərək, heyvandarlığın inkişafı üçün süni mayalanmanın əhəmiyyəti barədə söhbətlər aparılır: "Heyvanların birkalanması isə, nəsə təzə söhbətdir. Yanlış və dəqiq olmayan məlumatdır. Heç kim heyvanalara birka vurulmasına görə fermerlərdən pul ala bilməz".
Bir sözlə, kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən yaradılan şərait geniş imkanlardan fermerlərin istifadə etmələrinə Kənd Təsərrüfatı Nazirliyinin yerli strukturları süni əngəllər yaradırlar. Bu isə, şikayətçinin yuxarıda deyildiyi kimi, yalnız özbaşınalıq, qanun və qərarlara hörmətsizlik deməkdir.
İ.ƏLİYEV
P.S. Bu mövzuda araşdırmalarımız davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB