DMX-nın əməkdaşları üçün təlim

Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi (ŞACQKT Layihəsi) çərçivəsində BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün Sübutların Qiymətləndirilməsi və Sübutetmə yükü mövzusunda bir günlük təlim keçirir. BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyindən SİA-ya verilən xəbərə görə, təlimin məqsədi qaçqınların və sığınacaq axtaran şəxslərin himayəsinin gücləndirilməsi üçün milli qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində DMX-nin işçi heyətinin potensialını genişləndirməkdən ibarətdir.

Təlimin sessiyaları BMT QAK-ın əməkdaşları tərəfindən aparılır.

Azərbaycan Respublikası 2013-ci ilin aprel ayında fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. Bu layihə BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlmişdir. Azərbaycan Respublikası ilə yanaşı, layihə Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə