Ərzaq məhsulları ucuzlaşa bilər

"Neftin qiymətinin aşağı düşməsi müəyyən dərəcədə ərzaq və sənaye məhsullarının qiymətlərinin də aşağı düşməsinə təsir göstərə bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, neft qiymətlərinin dünya ölkələrinə və həmçinin onların iqtisadiyyatına olan təsirindən danışıb: "Hazırda neft qiymətlərinin kəskin aşağı düşməsi ilə bağlı bir sıra ölkələrdə sənaye məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunur. Devalvasiya uğrayan ölkələrdə, o cümlədən Asiya ölkələrində milli valyuta ilə satılan ərzaq və sənaye məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu da həmin ölkələrin milli valyutalarının dəyərdən düşməsi ilə əlaqədardır. Məsələn Çində devalvasiya ilə bağlı bu faktor müəyyən dərəcədə hiss oluna bilər. Amma Avropa və Amerikada hələ ki, bununla bağlı ciddi dəyişikliklər müşahidə olunmur".

İqtisadçı neft qiymətlərində yaxın gələcəkdə müşahidə olunacaq kəskin ucuzlaşmanın Azərbaycan sənayesinə olan təsirindən də danışıb: "Əslində Azərbaycanda da ərzaq və sənaye məhsullarını qiymətlərində dəyişikliklər müşahidə olunmalıdır. Çünki neftin qiymətinin aşağı düşməsi müəyyən dərəcədə ərzaq və sənaye məhsullarının qiymətlərinin də aşağı düşməsinə təsir göstərə bilər. Əgər dünya bazarına paralel olaraq yanacağın qiyməti aşağı düşsə, ərzaq məhsullarının qiymətində də müəyyən ucuzlaşma hiss oluna bilər.

Digər tərəfdən xaricdən Azərbaycana gətirilən məhsulların qiymətlərində də müəyyən dərəcədə ucuzlaşma olacaq. Amerika, xüsusilə də Avropadan gətirilən məhsulların qiymətlərində ucuzlaşma hiss oluna bilər. Amma bu da birbaşa manatın kursu ilə də əlaqədar bir məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə