Daha dörd kəndə “mavi yanacaq” verilib

Daha dörd kəndə “mavi yanacaq” verilib

Sabirabad rayonunda əhalinin təbii qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra olunur. İndiyədək rayonun 74 kənd və qəsəbəsinin 23-ü qazlaşdırılıb. Sabirabadda həyata keçirilən infrastruktur layihələri sırasında kənd və qəsəbələrin qazlaşdırılması, qaz təsərrüfatının yenidən qurulması mühüm yer tutur. İlin əvvəlindən rayonun 6 kəndinə təbii qaz verilib. Qazlaşdırılmış yaşayış məntəqələrinin sırasına daha dörd kənd - Axtaçımuğan, Güdəgühür, Dadaşbəyli və Osmanlı kəndləri də əlavə olunub.

Kəndlərin qazlaşdırılması üçün, ümumilikdə, 109 min 883 metr uzunluğunda daşıyıcı və məhəllədaxili paylayıcı metal və polietilen qaz xətti çəkilib. Axtaçımuğan kəndində 475, Güdəgühürdə 361, Dadaşbəylidə 253 və Osmanlı yaşayış məntəqəsində isə 266 fərdi tənzimləyici və sayğac quraşdırılıb. Yeni qaz təsərrüfatı birpilləli sistem üzərində qurulub ki, bu da əhaliyə verilən təbii qazın orta təzyiqini sabit saxlamağa imkan verir.

Kəndlərə "mavi yanacağ"ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov əlamətdar hadisə münasibətilə sakinləri təbrik edib, onlara xoş arzularını bildirib. Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən N.İsmayılov kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib.

Qeyd olunub ki, ilin əvvəlindən bəri rayonun 6 kəndinə təbii qaz verilib, daha 17 kənddə isə qaz çəkilişi artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda bu kəndlərə də "mavi yanacaq" veriləcək. Daha beş kəndin qazlaşdırılması üçün layihələndirmə işləri başa çatıb. Bir-iki aya bu yaşayış məntəqələrində də qaz xətlərinin çəkilişinə başlanılacaq. İlin sonuna kimi rayonun yaşayış məntəqələrinin 90-95 faizinin qazlaşdırılması nəzərdə tutulub.

Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda mərasim iştirakçıları evlərdə olub, təbii qazın verilməsinə baxış keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə