Mayın 18-də Batumidə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Batumi portu yaxınlığında Bakı küçəsində tikilmiş yeni binada "SOCAR Energy Georgia" şirkətinin və onun strukturlarının ofisləri yerləşəcəkdir. Tikintisinə 2012-ci ildə başlanılmış dördmərtəbəli binada 150 əməkdaşın çalışması üçün iş otaqları, texniki otaqlar, ayrıca lift və pilləkənlə təmin olunmuş 24 nəfərlik yeməkxana və mətbəx, habelə inzibati otaqlar və konfrans zalı yerləşir. Memar Rauf Xıdırov tərəfindən layihələndirilmiş binanın fasadı klassik, əsas elementləri isə neoklassik üslubda işlənmişdir. Binaya mədəni irs statusu verilmişdir. 1598 kvadrat metrlik torpaq sahəsində inşa edilmiş binanın və yardımçı tikililərin ümumi sahəsi 3383,51 kvadrat metrdir. Ofislər 1334,36 kvadrat metr sahəni əhatə edir. Baş nazir İ. Qaribaşvili, SOCAR prezidenti R. Abdullayev və onları müşayiət edən şəxslər bina ilə tanış olmuş, şirkətin Gürcüstan nümayəndəliyinin kollektivini təbrik etmişlər. Qeyd olunmuşdur ki, SOCAR-ın Batumidə yeni ofisinin açılışı Azərbaycan və Gürcüstan arasında sürətlə inkişaf edən işgüzar əməkdaşlığın və tərəfdaşlığın daha bir nümunəsidir.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB