Mənsur Bərxudarov: “Qırğızıstanın əhəmiyyəti getdikcə artır” AÇIQLAMA

Mənsur Bərxudarov: “Qırğızıstanın əhəmiyyəti getdikcə artır” AÇIQLAMA

"Avrasiya İqtisadi İttifaqı geosiyasi əhəmiyyət kəsb edən birlikdir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinə Qərbin marağı artdıqca, Avrasiya İttifaqının Qırğızıstana daxil olması biraz daha sürətlənir: "Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması söhbəti uzun zamandır ki, davam edir. Bildiyiniz kimi Avrasiya İqtisadi İttifaqı real olaraq 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Avrasiya İqtisadi İttifaqı həm şərqə doğru, həm də cənuba doğru genişlənmə iddiasında olub. Bu gün sadəcə olaraq növbəti addım atılır. Əslində Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması, prinsip olaraq heç nəyi dəyişmir. Amma cənuba və Hindistana doğru İttifaqın genişlənməsini aktual hadisə kimi qiymətləndirmək olar".

Ekspert onu da qeyd etdi ki, Avrasiya İqtisadi İttifaqı üçün Qırğızıstan təbii ehtiyatlar baxımından önəm kəsb edən ölkə deyil. Transregional marşrutlar üzərində yerləşən Qırğızıstan və digər Mərkəzi Asiya ölkələrinin qərb üçün əhəmiyyəti getdikcə artır: "Qırğızıstan təbii resurslar baxımından və iqtisadiyyatın potensial inkişafı baxımından Avrasiya İqtisadi İttifaqı üçün önəm daşımır, amma transregional marşrutların yolunda, yəni Böyük İpək yolunun üstündə olmağı ilə geo-siyasi əhəmiyyət kəsb edən ölkədir. Bu gün artıq Mərkəzi Asiya ölkələri həm qərb üçün, həm də Rusiya üçün əhəmiyyətini getdikcə artırır. Bu baxımdan Avrasiya iqtisadi ittifaqının Qırğızıstana daxil olması əlbəttə Rusiyanın bütövlükdə iqtisadi maraqlarına uyğun gələn bir məsələdir".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə