Araz Aslanlı: “Proseslərin Azərbaycana iqtisadi təsiri olmayacaq” AÇIQLAMA

Araz Aslanlı: “Proseslərin Azərbaycana iqtisadi təsiri olmayacaq” AÇIQLAMA

"Yəməndə bu gün baş verən proseslər sözsüz ki, dünyanın digər ölkələrinə də müəyyən mənada təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.

Onun sözlərinə görə, Yəməndəki proseslər vətəndaş müharibəsinə çevrildikdən sonra xarici ölkələr özünü göstərdi. Ortada proseslərə təsir etmək istəyən Səudiyyə Ərəbistanı və İran mövcuddur: "Yəni bu ölkənin üzərində gedən proseslər daxili proses olmaqdan çoxdan çıxıb. Onsuzda məlum idi ki, hansı dövlətlər siyasi və iqtisadi baxımdan Yəməni dəstəkləyir. Yəməndəki bu daxili proseslər artıq vətəndaş müharibəsi müstəvisinə keçdikdən sonra, xarici dəstək məsələsi daha da aydın şəkildə görünməyə başladı. Artıq Yəməndəki proseslər müsəlman dünyasındakı daxili çəkişmə kimi görünür. Çünkü ortada Səudiyyə Ərəbistanı və İran kimi hadisələri az və ya çox dəstəkləyənlər də var. Əlbəttə ki, bu məsələnin digər müstəvisində Rusiya da var".

Araz Aslanlı Yəməndəki proseslərin Azərbaycana siyasi və iqtisadi təsirlərindən də danışdı. Qeyd etdi ki, Azərbaycana qarşı olacaq müsbət və ya mənfi təsirlər neytrallaşdırılıb: "Rusiyada və Ukrayna arasındakı hadisələr və Yəməndə baş verənlərin Azərbaycana bir neçə istiqamətdə təsirləri var. Birincisi, Azərbaycana həm İrandan, həm Səudiyyə Ərəbistanından, həm də Rusiya və Avropa istiqamətindən təzyiq ola bilər ki, Yəmənlə bağlı onların mövqeləri müdafiə etsin və yaxud onlara daha yaxın mövqe tutsun. Azərbaycan indiyə qədər bunu neytrallaşdıra bilib, yəni Yəməndəki proseslərdə tərəf olmaq istəmir. Yəmən probleminin siyasi risklərini öz üstünə çəkmək istəmir. Azərbaycanda Yəməndəki proseslərlə bağlı müəyyən qruplar Səudiyyə Ərəbistanının bu siyasətinə etiraz etsələr də rəsmi münasibətlər Ərəb ölkələri ilə normal saxlanılır. Fikir versək, həm Səudiyyə Ərəbistanlı nümayəndələrin Azərbaycana səfəri olub, həm Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanına səfər edib. Həmçinin İrandan da Azərbaycana səfər olub. Yəni bu dövrdə Yəmən gərginliyinin Azərbaycanın xarici siyasətinə təsirinə imkan verilməyib. Siyasi cəhətdən riskləri özümüz üçün minimallaşdırmışıq. İqtisadi cəhətdən dəyərləndirsək, biz belə bir problemləri arzulamasaq da, neftin qiyməti ilə bağlı bizə təsiri olacaq. Belə hesab edirəm ki, Yəməndəki proseslərin neftdən başqa bizə heç bir təsiri olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə