Əli Məsimli: “Azərbaycan Avropa üçün alternativ enerji yolları təqdim edir” AÇIQLAMA

Əli Məsimli: “Azərbaycan Avropa üçün alternativ enerji yolları təqdim edir” AÇIQLAMA

"Bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasında cənab prezident İlham Əliyevin çıxışı ilə bağlı onu deyə bilərəm ki, ölkə başçısı Almaniyada olanda da bu barədə çox geniş məlumat verdi". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli deyib.

Onun sözlərinə görə, bir dəfə Avropanın ləngliyi sayəsində çox böyük əhəmiyyət kəsb edən Nabucco layihəsi kənarlaşdırıldı. Artıq Azərbaycan bütün ağırlığı Türkiyə ilə birlikdə öz üzərinə götürərək enerji layihələrini gerçəkləşdirir: "Görülən işlər və qarşıda duran məsələlər, Avropa tərəfinin bu məsələdə ləngliyi, Avropa strukturlarının iş üsulunun özlüyündən doğan problemlər barəsində xeyli dərəcədə hesab edirəm ki, obyektiv bir yanaşma sərgilədi. Bu Avropa ölkələrinə bir çağırış idi ki, əgər avropalılar özlərinin bir nömrəli problemi olan enerji təhlükəsizliyi problemini həll etmək istəyirlərsə, bu yanaşmalarını dəyişməlidirlər. Əvvəl də Nabucco-ya elə bir yanaşma sərgilədilər ki, artıq belə bir perspektivli layihə kənara çıxdı və Azərbaycan bütün ağırlığı öz üzərinə götürdü. Artıq Azərbaycan öz strateji müttəfiqi olan Türkiyə ilə birlikdə işə girişərək TANAP layihəsinin həyata keçirilməsi istiqamətində məqsədyönlü hərəkət edir. Eyni zamanda TAP layihəsinin də reallaşdırılması sahəsində aktiv fəaliyyət göstərir. Bu fəaliyyətləri bilavasitə bir tərəfdən Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasının yeni bir mərhələsinin göstəriciləri kimi dəyərləndirmək lazımdır. Digər tərəfdən isə bunun ardınca faktiki şəkildə Azərbaycanın dünyaya, xüsusən də qərbə inteqrasiyasına xüsusi diqqət yetirmək lazımdır. Üçüncü bir istiqamət isə bazar iqtisadiyyatıdır. Təbii ki, kommersiya nöqteyi – nəzərdən Azərbaycan öz enerji ehtiyyatlarını dünya bazarına çıxarmaq istəyir. Dünya bazarında olan rəqabətdə isə Azərbaycan öz ehtiyatlarını əlverişli qiymətlərlə və şərtlərlə satmaq istəyir. Bu da çox vacib bir məsələdir".

Əli Məsimli həmçinin vurğuladı ki, Azərbaycan Avropa üçün alternativ enerji yolları təqdim edir. Əgər Azərbaycan Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyi istiqamətində addımlar atır, can yandırırsa Avropa da Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyü istiqamətində ikili standartlardan əl çəkməlidir: "Bunun bir siyasi məqamı da ondan ibarətdir ki, mən hər dəfə xaricdə olarkən Azərbaycanın neft və qaz ehtiyyatları və həmin ehtiyatların Avropaya ixracı alternativ bir xətt olaraq yeganə bir marşrut olması, indiki dövrdə xüsusən Rusiya ilə qərbin qarşıdurmasının kəskinləşdiyi bir vaxtda məhz Azərbaycanın önəmi getdikcə artır. Bu önəmin artması ilə birlikdə yeni suallar da meydana çıxır. Həmin suallardan birini mən həmişə Avropa ölkələrində olarkən məruzə və çıxışlarımda qeyd edirəm ki, əgər Azərbaycan fikirdə, sözdə, işdə Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyi məsələsinin həllində bu qədər fəallıq göstərirsə və yaxud da bu işdə can yandırırsa bu vaxt Avropa ölkələri də Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyünün təmin edilməsi, ərazinin 20 faizinin işğaldan azad olunması istiqamətində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa strukturlarının müvafiq qətnamələrində fikirdə, sözdə, işdə ikili standartlar yox, obyektiv bir münasibət göstərməlidirlər. Yəni Azərbaycana kömək lazım deyil, sadəcə özlərinin imzaladığı sənədlərə hörmət göstərməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə