Rasim Həsənov: “Avronun dəyərdən düşməsinin manata təsiri olmayacaq AÇIQLAMA

Rasim Həsənov: “Avronun dəyərdən düşməsinin manata təsiri olmayacaq AÇIQLAMA

"Avronun dəyərinin düşməsinin demək olar ki, neftlə bağlılığı yoxdur". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Rasim Həsənov deyib.

Onun sözlərinə görə, Avronun düşməsinə səbəb Avropa ölkələri ilə Rusiya arasında olan münasibətlərdir. Hazırda isə avroya bir neçə istiqamətdən təsir göstərilir: "Avronun dəyərinin bu qədər düşməsinə səbəb Avropa ölkələri ilə Rusiyanın münasibətlərindən doğan iqtisadi təzyiqlərin artırılmasıdır. Amerikada iqtisadi inkişafın yüksəlməsi ilə dolların alıcılıq qabiliyyəti artıb. Yəni avroya hazırda ikitərəfli, bəlkə də üçtərəfli təsirlər var. Amerikanın inkişafı, Rusiya ilə probləmlərlə bağlı Avropanın qarşılaşdığı çətinliklər və bundan öncəki uzunmüddətli böhranlardan yaranan çətinliklərin nəticəsində hər keçən gün avronun dəyəri düşür".

Ekspert qeyd edib ki, avronun dəyərdən düşməsinin manata təsiri olmayacaq. O bildirdi ki, əsas məsələ dollar- manat münasibətlərini düzgün tənzimləməkdir: "Avronun dəyərinin düşməsinin manata birbaşa təsiri yoxdur. Çünkü manatın əsas məzənnəsi dollara nisbətən müəyyənləşir. Bu baxımdan mən hesab edirəm ki, manatın alıcılıq qabiliyyəti ilə bağlı heç bir problem yoxdur. Ən vacib məsələ manat- dollar münasibətlərini düzgün tənzimləməkdir. Dolların alıcılıq qabiliyyətinin artması manata təzyiqi artıra bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə