DƏMX rəisi: “3 istehsal və tikinti sahəsində işləri dayandırmışıq” AÇIQLAMA

DƏMX rəisi: “3 istehsal və tikinti sahəsində işləri dayandırmışıq” AÇIQLAMA

"Təhlükəsiz iş dekadasında biz bütün istehsal, sənaye və tikinti sahələrinə baxış monitorinqi və nəzarət işlərini həyata keçiririk. Bu gün biz artıq 3 istehsal və tikinti sahəsində işləri dayandırmışıq". SİA-nın məlumatına görə, bu sözləri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Təhlükəsiz iş" ongünlüyü çərçivəsində seminar müşavirəsi öncəsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə jurnalistlərə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, fəaliyyəti dayandırılan müəssisələr təhlükəni aradan qaldırdıqdan sonra yenidən işlərinə davam edə biləcəklər. Monitorinqlər isə fevralın 6-a qədər davam edəcək: "Onlarda işçilərin sağlamlığı ilə bağlı real təhlükə vardı. Bu təhlükələr aradan qaldırıldıqdan sonra biz onların normal fəaliyyətinə icazə verəcəyik. Əməliyyatlarımız fevralın 6-a qədər davam etdiriləcək. Yəqin ki dekadanın sonunda, yəni 10 günlüyün sonunda biz bununla bağlı məlumat verəcəyik."

Fuad Əlizadə istehsalatda baş vermiş bədbəxt hadisələrə görə siğorta məsələsinə də toxunub. Bu sahədə də işlərin görüldüyünü vurğulayıb: "İstehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbarı siğorta qanunla müəyyən edilmiş qaydada ölkəmizdə 3 siğorta şirkəti bunu həyata keçirir. Buna nəzarəti Dövlət Əmək Müfəttişliyi edir. Günümüzdə məndə olan məlumata görə, siğorta bazarının bu sahə üzrə 68 faizi əldə olunub. Bütün böyük işəgötürənlər siğorta ilə əhatə olunublar. Digər yerdə qalan kiçik işə götürənlərin də əhatə olunması üzrə həm biz tərəfdən, həm də siğorta şirkətləri tərəfindən tədbirlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə