Gürcüstanın milli valyutası olan lari (GEL) son günlər bir qədər də ucuzlaşıb. SİA-nın məlumatına görə, Gürcüstan Milli Bankının məzənnəsinə görə, yanvarın 23-də 1 dollar 1,9847 lari müəyyən olunub. Lakin qara bazarda və ölkənin valyutadəyişmə məntəqələrində artıq 1 dollar 2 - 2,2 lariyə dəyişdirilir. Yanvarın əvvəlində isə 1 dollar təqribən 1,86 lariyə dəyişdirilirdi. Xarici valyutalar arasında Azərbaycan manatı mövqeyini daha da möhkəmləndirib. Bu gün 1 manat 2,5367 GEL-ə dəyişdirilib. Milli Bankın müəyyən etdiyi məzənnəyə əsasən yanvarın 23-də 1 avro - 2,3076 GEL, 1 ingilis funt sterlinqi - 3,0138 GEL, 1 Türkiyə lirəsi - 0,8444 GEL, 100 Rusiya rublu - 3,0484 GEL, 1000 Ermənistan dramı - 4,2499 GEL, 10 Ukrayna grivnası - 1,2772 GEL təşkil edib. Göründüyü kimi bütün valyutalarla müqayisədə lari ucuzlaşsa da Rusiya rublunun qiyməti bir qədər azalıb.
Larinin ucuzlaşması ölkədə bəzi istehlak mallarının qiymətinin artmasına səbəb olub. Hökumət dünya bazarında neftin qiymətinin aşağı düşməsini əsas göstərərək ölkədə, maye qaz istisna olmaqla digər yanacaq növlərinin qiymətini bir qədər aşağı salıb. Buna baxmayaraq bəzi gündəlik tələbat mallarının qiymətində artım müşahidə olunur. Bəzi nəqliyyat vasitələrində, xüsusən də beynəlxalq sərnişin daşınmada qiymətlər artıb. Məsələn dekabrın sonlarında və yanvarın əvvəlində Bakıya gedən sərnişin qatarında bilet 68 lariyə satılırdısa, indi bu qiymət 71 laridir.
Qeyd edək ki, analitiklərin fikrinə görə, Lari bir az da ucuzlaşacaq və istehlak mallarının qiyməti bahalaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB